200 minlik mənimsəmə: iş məhkəməyə göndərildi
Dövlət Vergi Xidmətinin üç vəzifəli şəxsinin 200 min manat rüşvət almaqda ittiham olunduğu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Dövlət Vergi Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Yunis oğlu Əhmədov, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Əbil oğlu Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Yadigar oğlu Məmmədovun qanunsuz əməllərinə əsaslı şübhələr müəyyən edilib.
Onların 2026-cı ilin may ayında Bakıda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat rüşvət aldıqları bildirilir.
Toplanmış sübutlar əsasında hər üç şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO