Azərbaycan mətbuatından oğurlanan pullar
Azərbaycanda mətbuat ciddi maliyyə çətinlikləri ilə üzləşməyə başlayıb və bunun əsas səbəblərindən biri qlobal İT nəhəngləridir.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, Feysbuk, İnstaqram, Tiktok, X, Yutub və Quql Azərbaycanda reklam bazarının demək olar ki, bütününü ələ keçirib.
Bu platformalar texniki imkanları sayəsində reklam qiymətlərini aşağı səviyyədə saxlayır və bununla da Azərbaycan mediasını reklamverənlərdən məhrum edir. Bununla yanaşı, qlobal İT nəhəngləri Azərbaycan mediasının məzmunundan icazəsiz istifadə edir, lakin bunun müqabilində heç bir ödəniş etmirlər.
Bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya xasdır. Məsələn, Kanadada Quql və "Meta" birlikdə ümumi reklam bazarının təxminən 80 faizinə nəzarət edir. Kolumbiya Universitetinin tədqiqatçıları texnologiya nəhənglərinin xəbər jurnalistikasına ədalətli şərtlərlə nə qədər vəsait ödəməli olduğunu hesablayıblar. Onların qiymətləndirməsinə görə, təkcə ABŞ-da Quql və "Meta" Amerika nəşriyyatlarına ildə 11,9-13,9 milyard dollar ödəməlidir. Bu, şirkətlərin hazırda ödədiyi məbləğdən xeyli çoxdur. Avstraliya, Kanada və Avropada da eyni səbəblərdən media orqanları fəaliyyətini dayandırır və əməkdaşlarının sayını azaldır.
Lakin bəzi ölkələrdə artıq mövcud vəziyyətdən çıxış yolu tapılıb. 2019-cu ildə Avropa İttifaqı nəşriyyatlar üçün, belə deyək, həmhüdud hüquqlar tətbiq edib. Bu hüquqlara əsasən, platforma nəşriyyatların materiallarından istifadə edirsə, bunun müqabilində ödəniş etməlidir. Bu normanı ilk dəfə Fransa tətbiq edib və Quql Fransa nəşriyyatlarının alyansı ilə müqavilə imzalamaq məcburiyyətində qalıb. Şirkət məsuliyyətdən yayınmağa çalışıb və Fransa hakimiyyəti onu cərimələyib. Belə ki, 2021-ci ildə mətbuatla nadürüst danışıqlar apardığına görə 500 milyon avro, 2024-cü ilin martında isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə daha 250 milyon avro cərimə tətbiq edilib.
Avstraliya 2021-ci ildə platformaların media qurumları ilə danışıqlar aparmasını məcburi edən məcəllə qəbul edib. Nəticədə Quqı və "Meta" ildə 200-250 milyon Avstraliya dolları məbləğində ödənişi nəzərdə tutan 30-dan çox müqavilə imzalayıb. Hazırda Avstraliya daha irəli gedərək ödəniş etməkdən imtina edən platformalara xüsusi rüsum tətbiq edir. Kanada isə 2023-cü ildə onlayn xəbərlər haqqında qanun qəbul edib. İndi Quql Kanada mediasına hər il 100 milyon Kanada dolları ödəyir.
Azərbaycan mediasının da hərəkətə keçməsinin vaxtıdır. Fransa təcrübəsindən çıxarılan əsas dərs budur ki, nəşriyyatlar ayrı-ayrılıqda mübarizə apardıqda uduzurlar. Fransada Quql ilə danışıqlar zamanı müstəqil nəşrlər şirkətin onların parçalanmış mövqeyindən istifadə etdiyini açıq şəkildə etiraf ediblər. Nəticədə 2024-cü ildə Polşa, Bolqarıstan, Çexiya və Macarıstan da daxil olmaqla, 13 Avropa ölkəsindən 32 media qrupu birləşərək "Google"a qarşı 2,1 milyard avroluq iddia qaldırıb və işi Amsterdam məhkəməsinə təqdim edib. Bu, hətta kiçik ölkələrin mediasının da xarici məhkəmələrdə öz hüquqlarını birgə müdafiə edə biləcəyini göstərir.
Azərbaycan mediasının, Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin və jurnalistlərin peşəkar birliklərinin birgə fəaliyyətə başlamasının vaxtı çatıb. Bunun üçün ilk növbədə dəymiş real zərər hesablanmalı, nəşriyyatların hüquqlarının qanunvericiliklə təsbit edilməsinə nail olunmalı, platformalarla kollektiv danışıqlar aparılmalı və zərurət yaranarsa, o cümlədən xarici ölkələrin məhkəmələrinə müraciət edilməlidir. Əgər qlobal texnologiya nəhəngləri digər ölkələrdəki nəşriyyatlara ödəniş edirlərsə, Azərbaycan jurnalistikasının da onların gəlirlərini bundan sonra təmənnasız şəkildə artırmağa davam etməsi üçün heç bir əsas yoxdur.
Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO