“Azenco” ASC sükutu pozdu - Vüqar Əliyevin işi
“Azenco” ASC əvvəllər şirkətin Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Vüqar Əliyevə münasibətdə davam edən məhkəmə prosesi ilə bağlı məlumat yayıb.
“BUTA.TV” xəbər verir ki, məlumatda hazırda məhkəmə araşdırmasının predmetini konkret şəxsə qarşı hüquq-mühafizə orqanları tərəfindən irəli sürülmüş ittihamların təşkil etdiyi qeyd olunub.
“Həmin ittihamların hüquqi qiymətləndirilməsi, işin faktiki hallarının araşdırılması və müvafiq qərarın qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir. “Azenco” məhkəmə prosesinin müstəqilliyinə və obyektivliyinə hörmətlə yanaşır, bu baxımdan yekun məhkəmə aktının qəbul edilməsini gözləməyi vacib hesab edir.
Bununla yanaşı, son məhkəmə iclasları zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirilən və “Azenco”nun, eləcə də şirkətin ayrı-ayrı əməkdaşlarının fəaliyyətinə aid edilən bir sıra iddiaları diqqətimizə çatdırılıb. Bildirmək istərdik ki, həmin iddialar şirkətin mövcud mövqeyini əks etdirmir və “Azenco”nun qənaətinə görə, onların obyektiv faktlarla əsaslandırılması üçün yetərli hüquqi və faktiki dəlillər mövcud deyil.
Şirkət hesab edir ki, davam edən məhkəmə prosesindən kənar məsələlərin ictimai müzakirəyə çıxarılması, işin mahiyyəti ilə birbaşa əlaqəsi olmayan bəyanatların səsləndirilməsi və bu kontekstdə “Azenco”nun adının hallandırılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına, eləcə də şirkətin işgüzar nüfuzuna və uzun illər ərzində formalaşmış etibarlı tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilər”, - məlumatda vurğulanıb.
Açıqlamada həmçinin bildirilib ki, bununla belə, müdafiə hüququndan istifadə zamanı üçüncü şəxslərin, o cümlədən fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə, işgüzar nüfuzuna və əməkdaşlarının peşəkar fəaliyyətinə hörmətlə yanaşılması da eyni dərəcədə vacibdir: “Azenco” fəaliyyətində qanunçuluq, şəffaflıq, korporativ məsuliyyət və peşəkar etika prinsiplərini rəhbər tutur. Şirkət öz fəaliyyətinə, idarəetmə sisteminə və əməkdaşlarının peşəkar nüfuzuna münasibətdə əsassız iddiaların səsləndirilməsini qəbulolunmaz hesab edir və zərurət yarandığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnu özündə saxlayır.
Eyni zamanda, şirkət məhkəmə araşdırmasının nəticələrinə təsir göstərə biləcək hər hansı mülahizədən çəkinməyi, prosesin iştirakçılarının hüquqlarına hörmətlə yanaşmağı və ictimaiyyətin yalnız təsdiqini tapmış faktlar əsasında məlumatlandırılmasını vacib hesab edir. “Azenco” ictimaiyyəti məhkəmə prosesi çərçivəsində səsləndirilən birtərəfli və təsdiqini tapmamış iddialara ehtiyatla yanaşmağa, müxtəlif bəyanatları yekun hüquqi nəticə kimi qəbul etməməyə və iş üzrə məhkəmənin yekun qərarını gözləməyə çağırır.
Bir daha qeyd edirik ki, “Azenco” ASC regionun energetika, sənaye, mühəndislik və mülki tikinti sahələrində uzun illər ərzində fəaliyyət göstərən, geniş təcrübəyə və həyata keçirilmiş çoxsaylı layihələrə malik şirkətlərdən biridir. Şirkət öz işgüzar nüfuzunu, tərəfdaşlarının etimadını və üzərinə götürdüyü öhdəliklərin məsuliyyətlə icrasını əsas korporativ dəyərlərindən hesab edir”.
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto