Wi-Fi yığışdırılacaq, diş məcunu qadağan ediləcək - Ağlasığmaz vədlər verir
2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Silven Dürif qeyri-adi vədləri ilə ölkə gündəmini zəbt edib.
“BUTA.TV” xəbər verir ki, özünü “Kosmik Məsih” və “Böyük Hökmdar” kimi təqdim edən siyasətçinin seçki proqramı iqtisadiyyatdan gündəlik həyat tərzinə qədər radikal dəyişiklikləri nəzərdə tutur.
Silven Dürifin proqramındakı ən diqqətçəkən məqam ölkədəki bütün vergilərin ləğvi və vətəndaşların mövcud borclarının tamamilə silinməsidir. O, bu yolla yoxsulluğu aradan qaldıracağını iddia edir. Bundan başqa, namizəd ölkədəki bütün həbsxanaların bağlanmasını təklif edir, lakin cəza sisteminin gələcəkdə necə tənzimlənəcəyi barədə konkret mexanizm açıqlamayıb.
Dürifin vədləri gündəlik məişət vərdişlərini də əhatə edir. Belə ki, o, seçiləcəyi təqdirdə ölkədə Wi-Fi şəbəkələrinin, LED lampaların və tərkibi təbii olmayan diş məcunlarının istifadəsini qadağan edəcəyini bildirib.
Siyasi quruluşu kökündən dəyişməyi hədəfləyən namizəd Fransada respublika idarəetmə sisteminə son qoyaraq yenidən monarxiya qurmaq niyyətindədir.
Xatırladaq ki, ekstravaqant çıxışları ilə tanınan Silven Dürif 2017-ci il prezident seçkilərində də iştirak etmək istəsə də, qanunvericiliklə tələb olunan 500 seçilmiş nümayəndənin imzasını toplaya bilmədiyi üçün rəsmi qeydiyyatdan keçə bilməmişdi.
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi