Noyabrın 18-də Azərbaycan Dillər Universitetində “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirilib.

BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Rektor çıxışında Azərbaycan və Özbəkistan arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərinin elmi, mədəni və ədəbi əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, iki xalqın ortaq tarixi köklərə, zəngin mədəni irsə və yaxın dil ənənələrinə malik olduğunu qeyd edərək bu əlaqələrin müasir dövrdə daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında mövcud olan tarixi-mədəni bağlılıq xalqlarımızın ortaq mənəvi dəyərlərinin və dil irsinin qorunub saxlanılmasında mühüm əhəmiyyət daşıyır. Bu əlaqələrin inkişafı elmi əməkdaşlığın genişlənməsinə, dilçilik sahəsində yeni tədqiqatların aparılmasına və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verir.

Rektor çıxışında Özbəkistanın Cahan Dillər Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrindən söz açaraq, bu tərəfdaşlığın inkişaf perspektivlərini diqqətə çatdırıb. O, iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, müəllim və tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Özbəkistan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxışında iki ölkə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən, siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın inkişafından bəhs edib.

Səfir Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi köklərin, dil və mədəniyyət yaxınlığının ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, ADU-da fəaliyyət göstərən Özbək dili və mədəniyyəti mərkəzi iki xalq arasında dil, ədəbiyyat və mədəniyyət əlaqələrinin inkişafına, özbək dilinin və zəngin mədəni irsinin universitet tələbələri arasında təbliğinə mühüm töhfə verir.

Qeyd olunub ki, mərkəz çərçivəsində təşkil olunan elmi və mədəni tədbirlər qarşılıqlı tanışlığın və əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahim çıxışında iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi əsaslara söykəndiyini bildirib.

Millət vəkili çıxışında Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın inkişafından bəhs edərək, bu əlaqələrin genişləndirilməsində hər iki ölkənin ziyalılarının, alimlərinin və təhsil müəssisələrinin rolunu xüsusi vurğulayıb. Həmçinin xalqlarımızın ortaq tarixi-mədəni irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

2012-2026-cı illərdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri olmuş Hüseyn Quliyev tədbirin əhəmiyyətini haqqında danışaraq, Azərbaycan və Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafında dil və mədəniyyət amilinin xüsusi yer tutduğunu bildirib.

O, iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsi, qarşılıqlı etimadın artırılması və humanitar əməkdaşlığın genişləndirilməsində belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri ortaq tarixi köklər, dil və mədəniyyət yaxınlığı ilə daha da möhkəmlənir. Bu baxımdan, elmi və mədəni platformalarda keçirilən görüşlər xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, ortaq dəyərlərin qorunmasına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Daha sonra Dünya dilləri kafedrasının əməkdaşı, dosent Turanə Şükürlü, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının əməkdaşı, Tarix üzrə fəlsəfə doktoru Turanə Quluzadə, Özbək dili mərkəzinin əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru Zərnigar Kobilova, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, baş müəllim Elnarə Yəhyayeva məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycan və özbək dillərinin tarixi inkişafı, fonetik, leksik və qrammatik xüsusiyyətləri, iki dil arasında mövcud olan oxşarlıqlar və fərqlər, eləcə də Azərbaycan-Özbəkistan ədəbi və mədəni əlaqələrinin müxtəlif aspektləri ətraflı təhlil olunub.

Çıxışlarda ortaq türkoloji irsin öyrənilməsinin, dilçilik sahəsində elmi tədqiqatların genişləndirilməsinin və iki ölkə arasında akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir tələbələrin ifasında özbək dilində şeirlərin səsləndirilməsi ilə başa çatıb.

Evini kirayə verənlərin nəzərinə! Evini kirayə verənlərin nəzərinə!