Liderlər üçtərəfli görüşdən əvvəl öz aralarında ikitərəfli görüşlər keçiriblər. Prezident Donald Trampın Pekində Çin lideri Si Szinpinlə iki saatlıq görüşdən sonra gəldiyi qənaət budur ki, hər iki ölkə Hörmüz boğazının açılmasını istəyir. Ağ Ev sahibi həmçinin hər iki ölkənin enerji məhsullarının Hörmüz boğazından keçməsində və İranın nüvə silahına malik olmamasında maraqlı olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün ABŞ, Çin və Rusiya liderlərinin Şençjendə keçirilən üçtərəfli görüşləri ilə bağlı qeyd edib.

“Pekin Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmir. Əlbəttə, Çin bölgədə nüvə dövlətlərinin sayının artmasını istəmir. Ancaq Pekin bununla bağlı da Tehranı nüvə çalışmalarından imtinaya məcbur etmir. ABŞ-la Çin arasında digər mövzularda da fikir ayrılıqları ortadan qaldırılmayıb. Bunlardan biri haqqında Tramp Szinpinlə görüşdən sonra deyib. Donald Tramp ABŞ, Rusiya və Çinin nüvə silahı potensialını müqayisə edərkən, Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən narahatlığını ifadə edib.

Trampın sözlərinə görə, ABŞ-ın 4 min, Rusiyanın isə 3 min 800 nüvə başlığı var. Çinin nüvə arsenalı bundan azdır. Ancaq Çin nüvə arsenalını sürətlə artırır və qarşıdakı illərdə bu ölkə nüvə başlıqlarının sayına görə, ABŞ və Rusiyaya çata bilər. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının artırılmaması barədə müxtəlif razılaşmalar mövcud olub. SSRİ dağıldıqdan sonra Rusiya həmin razılaşmaları qəbul edib. Ancaq Çin bu razılaşmaların kənarındadır. Çünki, “soyuq müharibə” illərində Çinin nüvə potensialı zəif idi. Digər tərəfdən keçmiş SSRİ ABŞ-ın rəbiqi olsa da, Vaşinqtonun Pekinlə sıx dialoqu mövcud idi”, - politoloq bildirib.

E.Şahinoğlu qeyd edib ki, o illərdə Vaşinqton Pekindən nüvə anlaşmalarına qoşulmağı tələb etmirdi:

“Çünki buna ehtiyac yox idi. Hazırda isə Çin sürətli iqtisadi inkişafı hesabına hərbi gücünü dəfələrlə artırıb və bölgədə ABŞ-ın hərbi gücü ilə rəqabətini gücləndirib. Buna görə də, Vaşinqton hesab edir ki, Çinin də nüvə anlaşmalarına qoşulmasına ehtiyac var. Pekin Vaşinqtonun bu tələbini yerinə yetirmək istəmir. Bunu Donald Trampın son açıqlamasından da aydınlaşdırmaq olar. Si Szinpin ABŞ-la Rusiya arasında nüvə razılaşmalarına qoşulmaq əvəzinə, nüvə silahlarının tamamilə qadağan olunması və məhv edilməsi gərəkliyini bildirib. Buna nə ABŞ, nə də Rusiya razılaşar. Məhz bu səbəbdən Çin lideri reallaşması mümkün olmayan təklifini səsləndirib.

ABŞ-la Çin arasında süni intellekt sahəsində də böyük rəqabət var. Vaşinqton bu sahədə də Pekinlə oyun qaydalarını müəyyənləşdirməyə çalışır. Ancaq “Nvidia” şirkəti ətrafında yaranan son vəziyyət iki ölkə arasında süni intellekt sahəsində gərginliyin davam etdiyini göstərir. “Röyters” agentliyinin məlumatına görə, Çindəki qurumlar süni intellekt sahəsində ABŞ-ın aparıcı şirkətlərinin texnologiyalarını əldə etməyə çalışır. Görünür, Vaşinqton Çinin “Nvidia” da daxil olmaqla süni intellekt şirkətlərinin qabaqcıl çiplərinə çıxışını daha da məhdudlaşdıracaq”.

“O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı “O, bir rektorun qurbanı oldu” - Nərman Qocatürkün xanımı