Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...
Ermənistanın Baş naziri Nikol Paşinyan referendumda yeni konstitusiya qəbul edilməsə, istefa verəcəyini açıqlayıb. Eyni zamanda, referendumda xalq yeni konstitusiyaya “hə” deyərsə, sülh prosesini yekunlaşdırdıqdan sonra baş nazir postuna namizəd olmayacağını açıqlayıb. Hər iki ssenaridə Paşinyan postundan gedəcəyini bəyan edir.
Erməni baş nazirin bu açıqlaması Ermənistanda yeni konstitusiyanın referenduma çıxarılması ətrafında yaranmış böhran fonunda dəyərlədirilə bilər.
Referenduma getmək üçün Paşinyan hakimiyyətinin önündə üç ssenari var.
Birinci: parlamentdə deputatların üçdə ikisinin (70) dəstəyi ilə referendum qərarının çıxarılmasıdır. Lakin 64 mandata sahib olan Mülki Müqaviləyə əlavə 6 səs lazımdır. Bunun üçün müxalifətin deputatlarını “oğurlamalıdır”. Ki, burada nəticə əldə etmək mümkünsüz görünür.
İkinci: referendum qərarının çıxarılması üçün parlament müxalifətinə ictimai təzyiq dalğası yaratmaqdır. Bu addımı ata biləcəklərini daha öncə bəyan edən Paşinyan bildirib ki, tərəfdarları ilə parlamenti bloklayaraq, müxalifəti məcbur edə bilərlər. Müxalifətin yeni konstitusiyaya qarşı “Yox” kampaniyasına başlaması hakimiyyətin ictimai təzyiq dalğasına çətinlik yaradır, lakin bu ssenari hələ də gündəmdədir.
Üçüncü: iki ssenaridə nəticə əldə edə bilməsələr, o zaman, növbədənkənar parlament seçkilərinə gediləcək. Bu halda Nikol Paşinyan istefa verəcək, hökumət buraxılacaq və seçki prosesi başlayacaq. Alen Simonyan da növbədənkənar seçkilərin keçirilməsindən çəkinmədiklərini, “müxalifəti darmadağın edəcəklərini” bəyan edib. Bu ssenaridə Mülki Müqavilə təkcə hökuməti təkbaşına formalaşdırmaq üçün lazım olan səs çoxluğunu yox, həm də konstitusion çoxluğunu (minumum 70 mandat) əldə etməlidir. Riskli ssenaridir, lakin son seçim olaraq qalır və məlumatlara görə, hakimiyyət nəticə əldə edilməyəcəyi təqdirdə, ilin sonuna qədər bu addımı ata bilər.
Hazırda isə ikinci ssenari – ictimai təzyiq dalğasının yaradılması planı gündəmdədir və Paşinyanın “istefa” bəyanatı da buna hesablanıb. Yeni konstitusiya layihəsi gələn həftə dərc olunacaq, daha sonra, Mülki Müqavilə onu parlamentin müzakirəsinə çıxaracaq. Erməni baş nazir də parlament müzakirələrindən öncə müxalifətə meydan oxuyur: əgər onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlərsə, referendum keçirilir, xalq “yox” deyəcəksə, postundan gedəcək; “hə” deyərsə, baş nazirliyə namizəd olmayacaq.
Hər iki halda hakimiyyətdən gedəcəyini deyən Paşinyanın iki hədəfi görünür.
Birincisi, müxalifəti referendumun keçirilməsinə razı salmaqdır;
İkincisi, cəmiyyətə məqsədinin “hakimiyyət yox, Ermənistana sülh gətirmək” olduğu mesajını verir, bununla yeni konstitusiyaya ictimai dəstəyi gücləndirməyə çalışır.
Paşinyan bununla müxalifəti dilemma qarşısında qoyur: ya referendumun keçirilməsi qərarına “boyun əyməlidirlər”, ya da “Ermənistanı yeni müharibəyə sürükləyən”, sülhə qarşı olan tərəf olacaqlar;
Ermənistan hakimiyyəti də bundan yeni konstitusiyaya “veto” qoyan müxalifətə qarşı ictimai təzyiq dalğasına başlamaq üçün istifadə edəcək.
Bakıda bu yollar bağlanır