Aparıcılar Tural Əsədov və Afaq Gəncəlinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC AzTV) qarşı məhkəmə çəkişməsi yekunlaşıb.

BUTA.TV Plat.az-a istinadla xəbər verir ki, AzTV-də yayımlanan televiziya verilişində iştirak edərək 35 000 manat məbləğində uduş qazandıqlarını bildirən Afaq Gəncəli və Tural Əsədovun həmin vəsaitin ödənilməsi ilə bağlı iddiası üzrə qərar açıqlanıb.

İş materiallarına əsasən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə iddiaçılar arasında 2023-cü ildə müqavilə bağlanıb. Müqavilə AzTV-nin televiziya verilişində iştirakla əlaqədar tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr yaradan öhdəlik münasibətlərini müəyyən edib.

Müqavilənin 6-cı bəndində isə xüsusi olaraq qeyd olunub ki, “İştirakçının çəkildiyi şou buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılacaq”.

Aparıcılar cavabdehin dəvəti əsasında AzTV-də yayımlanan “Düşən Pullar” layihəsində 2023-cü ildə iştirak ediblər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılara təqdim olunan 100 000 manat məbləğində vəsaitin suallara cavab verməklə qorunması tələb olunub. Müsabiqənin sonunda qorunub saxlanılan məbləğ iştirakçının mükafatı hesab edilib.

Tural Əsədov və Afaq Gəncəli birgə iştirakçı kimi müsabiqədə iştirak edib və yarışın sonunda 35 000 manat məbləğində mükafat qazandıqlarını bildiriblər. Lakin verilişin sonradan efirə çıxmaması səbəbindən həmin məbləğ onlara ödənilməyib.

Veriliş niyə efirə çıxmayıb?

Cavabdeh tərəf bildirib ki, iddiaçıların iştirak etdiyi çəkilişin, eləcə də digər iştirakçıların yer aldığı daha iki çəkilişin qeydə alındığı sərt disk zədələnib. Nəticədə həmin çəkilişlərdəki məlumatlar itib və verilişin efirdə yayımlanması mümkün olmayıb.

Aparıcılar isə, çəkilişdən sonra verilişin efirə çıxacağı ilə bağlı müxtəlif tarixlər bildirildiyini, lakin proqramın yayımlanmadığını qeyd ediblər. Onların sözlərinə görə, verilişin efirə çıxması ilə bağlı AzTV-yə dəfələrlə müraciət etsələr də, müxtəlif tarixlər qeyd edilib.

İddiaçıların nümayəndəsi 2024-cü ildə QSC-yə pretenziya məktubu göndərib. Cavab məktubunda AzTV çəkilişin yazıldığı sərt diskin zədələnməsi səbəbindən müsabiqənin efirdə yayımlanmasının mümkün olmadığını bildirib və müqavilənin 6-cı bəndinə istinad edib.

Daha sonra iddiaçıların müdafiəçisinin sorğusuna cavab olaraq qeyd edilib ki, sərt diskin zədələnməsi faktı 2024-cü ildə, çəkilişlər üzrə verilişin hazırlanması zamanı müəyyən edilib və bununla bağlı akt tərtib olunub. Cavabdehin məlumatına görə, zədələnməyə səbəb enerji şəbəkəsində yaranmış problem olub.

Afaq Gəncəli və Tural Əsədov məhkəməyə müraciət edərək QSC-dən 35 000 manat və ödənilmiş 195 manat dövlət rüsumunun tutulmasını istəyiblər.

İddiaçılar hesab ediblər ki, müsabiqədə iştirak edib uduş qazandıqları halda, çəkilişin efirə çıxmaması əsas gətirilərək mükafatın ödənilməsindən imtina edilməsi əsassızdır.

İddiaçılar qeyd ediblər ki, müsabiqədə 35 000 manat qazanmaları və onların iştirak etdiyi verilişin sonradan efirə çıxmaması işin mübahisəsiz faktiki hallarıdır.

Cavabdeh tərəf iddianı əsassız hesab edib. QSC bildirib ki, tərəflər arasında 2023-cü ildə müqavilə bağlanıb və həmin müqavilənin 6-cı bəndinə əsasən veriliş hansısa səbəbdən efirə çıxmadıqda uduş etibarsız sayılır.

AzTV-nin mövqeyinə görə, aparıcıların iştirak etdiyi çəkilişin, eləcə də digər çəkilişlərin yazıldığı sərt diskin zədələnməsi nəticəsində məlumatlar itib və həmin verilişlərin efirdə yayımlanması mümkün olmayıb.

QSC həmçinin bildirib ki, iddiaçılara problemin texniki daşıyıcıda yaranması barədə məlumat verilib və razı olduqları təqdirdə onların yenidən çəkilişlərdə iştirak etmələri üçün şərait yaradılmasına hazır olduqlarını ifadə edib.

Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh tərəfindən iddiaçılara zərər vurulması, bununla bağlı səbəbli əlaqə və digər halların mövcudluğu sübuta yetirilməyib. Məhkəmənin qənaətinə görə, verilişin efirə çıxmaması iş üzrə mübahisəsiz haldır. Həm iddiaçıların nümayəndəsi və vəkili, həm də cavabdeh tərəf bu halı təsdiqləyib. Məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən şou buraxılışı hansısa səbəbdən efirə çıxmadıqda uduş etibarsız sayılır. Bu səbəbdən birinci instansiya məhkəməsi AzTV-nin uduş məbləğini ödəməməsini əsaslı hesab edib.

Afaq Gəncəli və Tural Əsədov qətnamədən apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını istəyiblər.

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi yenidən rədd edilib. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə müqavilənin 6-cı bəndi baxımından hüquqi qiymət verib. Məhkəmə qeyd edib ki, tərəflər müqavilə bağlamaqla ödənişin həyata keçirilməsini yalnız iştirakçıların verilişdə iştirak etməsi ilə deyil, həmin verilişin efirə çıxması ilə şərtləndiriblər. Başqa sözlə, müqavilədə açıq şəkildə göstərilib ki, veriliş hər hansı səbəbdən yayımlanmadıqda uduşun ödənilməsi öhdəliyi yaranmır. Apellyasiya məhkəməsi müqavilənin həmin bəndinin etibarlılığına və standart şərt olub-olmamasına ayrıca hüquqi qiymət verilməsinin zəruri olduğunu bildirib.

Məhkəmənin mövqeyinə görə, iddiaçılar televiziya sahəsində peşəkar fəaliyyət göstərən şəxslər olmaqla televiziya istehsalının xüsusiyyətlərini və bu sahədə mövcud riskləri anlayıblar. Məhkəmə hesab edib ki, müqavilənin məqsədi yalnız iddiaçıların verilişdə iştirak etməsi deyil, hazırlanmış televiziya məhsulunun tamaşaçılara təqdim olunması olub. Bu baxımdan veriliş efirə çıxmadıqda müqavilədə nəzərdə tutulan nəticənin əldə edilməsinin mümkün olmayacağını iddiaçıların bilməməsi inandırıcı hesab edilməyib.

Aparıcılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayətində əvvəlki instansiyalara təqdim edilmiş iddia və apellyasiya şikayətindəki arqumentlərə analoji dəlillər irəli sürülüb.

Cavabdeh isə kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəyib.

Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Nəticədə Afaq Gəncəli və Tural Əsədovun televiziya verilişində qazandıqları 35 000 manat uduşun və 195 manat dövlət rüsumunun AzTV-dən tutulması barədə tələbləri təmin edilməyib.

İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu