Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşlərdə Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib.

BUTA.TV xəbər verir ki, o, dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var:

"Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimsədə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".

Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir:

"Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".