Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
Böyük Britaniya taxtının varisi şahzadə Uilyam kral olduqdan sonra qardaşı Harrini şahzadə titulundan məhrum etməyi planlaşdırır.
“BUTA.TV” xəbər verir ki, bu barədə yazıçı Tom Sayksın “Dukes Of Hazard” adlı yeni kitabında bildirilir. Kitabdan parçaları “Daily Mail” nəşri dərc edib.
Müəllifin iddiasına görə, Uilyam artıq kral ailəsində genişmiqyaslı islahatlar hazırlamağa başlayıb. Dəyişikliklərin əsas məqsədi kral titullarının doğuşdan verilən imtiyaz deyil, yalnız rəsmi vəzifələr yerinə yetirən ailə üzvlərinə məxsus status olmasıdır. Plana əsasən, yalnız monarxiya adından rəsmi fəaliyyət göstərən şəxslər titullarını və imtiyazlarını qoruyub saxlayacaqlar.
Bu dəyişikliklərin şahzadə Harri, həyat yoldaşı Meqan Markl və onların övladları Arçi ilə Lilibetə də şamil olunacağı bildirilir. Onların kral titullarından və “Əlahəzrət” müraciət formasından məhrum ediləcəyi iddia olunur.
Kitabda Uilyamın dostlarından birinin sözlərinə də yer verilib:
“Əgər kral ailəsinin fəal üzvüsünüzsə, rəsmi səfərlərdə iştirak edir, diplomatik fəaliyyət göstərir və hökuməti təmsil edirsinizsə, titulunuz, maaşınız və yaşayış yeriniz olacaq. Özü də yalnız bir yaşayış yeri”.
Məlumata görə, rəsmi vəzifə daşımayan ailə üzvləri isə titul, dövlət tərəfindən subsidiyalaşdırılan mənzil və digər xüsusi imtiyazlardan məhrum ediləcəklər. Bunun əvəzində onlar adi vətəndaş kimi sərbəst işləyə və gəlir əldə edə biləcəklər.
İslahatların Uilyam və Keyt Middltonun övladlarına da təsir edəcəyi gözlənilir. Belə ki, Şarlotta və Lui yetkinlik yaşına çatdıqdan sonra müstəqil karyera qurmaq üçün titullarından imtina edə biləcəklər. Taxtın gələcək varisi Corcun statusu isə dəyişməz qalacaq. Nəşrin yazdığına görə, Uilyamın bu dəyişiklikləri həyata keçirməsi üçün kral fərmanları verməsi kifayət edəcək.
Kensinqton Sarayı isə kitabda yer alan iddiaları şərh etməkdən imtina edib.
“Formalaşmış təcrübəyə uyğun olaraq, kitabları və onlarda irəli sürülən iddiaları şərh etmirik”, – deyə sarayın nümayəndəsi bildirib.
Qeyd edək ki, Uilyam daha əvvəl verdiyi müsahibədə dəyişikliklərdən çəkinmədiyini və gələcəkdə bir çox yenilik həyata keçirmək niyyətində olduğunu açıqlamışdı.
Qoşulub qaçan cütlük ot tayasından tapıldı