Dolların “qatili” bazar girir? – Yeni qlobal pul ideyası qorxuya saldı

13:03 - 26 Oktyabr 2024 - İQTİSADİYYAT

 Dolların “qatili” bazar girir? – Yeni qlobal pul ideyası qorxuya saldı

Oktyabrın 24-də BRİKS-in Kazanda keçirilən iclasında Rusiya Prezidenti Vladimir Putinə üzv ölkələr üçün simvolik olaraq hazırlanan ortaq pul əskinası hədiyyə edilib.

Bu məsələ Avropa və ABŞ mətbuatında müzakirələrə səbəb olub. Putinə təqdim olunan əsginasın gələcəkdə rəsmi pul vahidi kimi qəbul edilə biləcəyi iddia olunub. Nəticədə Rusiya prezidenti və BRİKS platformasını “dollar qatili” kimi təqdim etməyə başlayıblar. Həmçinin təşkilatın Avropa İttifaqı və NATO-ya təhdid təşkil etdiyi, bu ölkələrin iqtisadiyyatın zəiflədə biləcəyi deyilir.

Sözügedən əskinasın dollara qarşı pul vahidi kimi bazara çıxarılması nə dərəcədə real görünür? BRİKS-ın yaxın gələcəkdəki hədəfləri arasında dollarla bağlı hər hansı məsələ varmı?

BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, BRİKS-in ortaq valyuta məsələsi çoxdan müzakirə olunur.

 Onun sözlərinə görə, bu, daha çox Rusiya tərəfindən dilə gətirilir:

“Amma BRİKS-in öz qurucu ölkələri olan Braziliya və Hindistan bu ideyadan imtina etdilər. Hətta Braziliya rəsmi şəkildə bundan imtina etdi və prezident Kazanda keçirilən sammitə gəlmədi. Rusiya ilə Qərb qarşıdurması və bu kontekstdə Rusiyanın dollara qarşı sərt münasibəti aydındır. Lakin Çin üçün də bu, sərfəli deyil. Çünki Çinin əsas aktivləri dollardadır. Həmin ölkənin 3 trilyon dollar şəklində ehtiyatları, bütün ölkələrdə dollarla yatırımları var. Çin dünyanın müxtəlif şirkətlərinin dollar ifadəsində qiymətli kağızlarına sahibdir, ABŞ-ın borc kağızlarının böyük bir hissəsi Çindədir. Əslində, Amerikadan daha çox bəlkə də, Çin maraqlıdır ki, dollarla bağlı heç bir hadisə baş verməsin”.

İqtisadçı deyib ki, valyuta söhbəti PR-dan, Rusiyanın arzu və istəklərinin dilə gətirilməsindən başqa bir şey deyil:

“Yaxın gələcəkdə bunun həyata keçirilməsi mümkünsüzdür. Hə, ola bilər ki, 10-15 ildən sonra əgər Rusiya-Qərb, Çin-Qərb qarşıdurması lap kəskinləşərsə, o zaman ortaq valyuta yox, başqa bir valyuta olar. Məsələn, Çin yuanının konvertasiya olunmuş bir valyuta kimi dünyada yayılması mümkündür. Bu, ölkələrin ticarət valyutasına çevrilə bilər. Dünya ticarəti çox qəliz mexanizmlərlə idarə olunur. Orada yeni pul vahidinin ortalığa çıxması və dəstək görməsi çox çətin məsələdir. Ona görə də yaxın perspektivdə bu, yerinəyetirilməz bir məsələ kimi görünür”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol