Həm Avropa Birliyinin (AB), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmaq, əlbəttə ki, mümkün deyil. Aİİ AB ilə müqayisədə daha məhdud funksionallığa malikdir və əsasən ümumi bazar olmaq konsepsiyasını ehtiva edir. AB isə yalnız ümumi bazar əsasında deyil, həm də konfederativ elementləri olan ümumi siyasi sistem üzərində qurulub. Bu baxımdan, Aİİ-ni AB-də mövcud olan struktur və formatların ilkin mərhələsi kimi qiymətləndirmək olar. AB ümumi bazardan əlavə, konfederativ xüsusiyyətləri olan siyasi birlikdir. Buna görə də AB Ermənistanın Aİİ üzvlüyünü strateji baxımdan qəbul etməyəcək. Ermənistanın AB-yə üzvlük məsələsini dövlətin strateji kursu kimi elan etməsi onun Aİİ üzvlüyü ilə bağlı strateji problem yaratmır, bu daha çox, iqtisadi deyil, siyasi ziddiyyətlər doğurur.
Bu fikirləri BUTA.TV-a rusiyalı politoloq Sergey Markov Ermənistan hökumətinin AB-yə üzvlük prosesinin başlanması barədə qanun layihəsini təsdiqləməsini və parlamentin müzakirəsinə çıxarmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, İrəvanın AB-yə tez bir zamanda üzv olmaq şansı yoxdur:
“Ermənistanın AB-yə üzv olmaq prosesini başlamağa hazırlaşması hələ o demək deyil ki, ölkə bu quruma üzv olacaq. Üzvlük uzun və mürəkkəb danışıqlar prosesi tələb edir. Bu müddət ərzində Ermənistan AB tərəfindən kiçik müttəfiqləri üçün yaradılmış strukturlara və sistemlərə uyğunlaşma mərhələsindən keçməlidir. Lakin İrəvanın, özünün də başa düşdüyü kimi, AB-yə tamhüquqlu üzv olmaq şansı çox azdır. Strateji olaraq belə bir açıqlama Ermənistan üçün AB-nin müttəfiqi statusu qazanmaq imkanını artırır və müxtəlif faydalı proqramlarda iştirak etməsinə şərait yaradır.
Ancaq bu cür proqramlara qoşulmağın əks tərəfləri də mövcuddur. Ermənistan AB ilə əməkdaşlıq etmək üçün suverenliyinin bir hissəsini güzəştə getməli olacaq. AB təmənnasız heç bir dəstək göstərmir. İki tərəf arasında ciddi danışıqlar və qarşılıqlı güzəştlər, alver başlayacaq. Avropa Komissiyası bu tip alverlərdə böyük təcrübəyə malikdir və müxtəlif ölkələr, qonşular və ya üzv olmaq istəyən qurumlarla daim bu cür müzakirələr aparır.
Ermənistan isə özünü böyük bir diasporun təmsilçisi kimi təqdim edərək, siyasi manevrlərlə nəticə əldə etməyə çalışır. Ermənilər tarixi təcrübələrinə əsaslanaraq düşünürlər ki, Osmanlı və ya Çar Rusiyasını aldada bildikləri kimi, AB bürokratiyasını da aldada bilərlər. Lakin AB çalışacaq ki, Ermənistanı çox şey ödəmədən Aİİ üzvlüyündən çəkindirsin. Digər tərəfdən, Ermənistan AB-nin proqramlarından maksimum fayda götürməyə çalışacaq və eyni zamanda Aİİ üzvlüyünü qoruyub saxlayacaq”.
Markov qeyd edib ki, Ermənistan AB-yə üzvlüyə can atsa da, Aİİ-dən daha daha çox fayda əldə etdiyini anlayır:
“Ermənistan üçün ideal ssenari Aİİ üzvlüyünü AB ilə əvəz etməkdir. Lakin AB-yə üzvlük perspektivi çox uzaqdır. Türkiyə nümunəsində olduğu kimi, Ermənistanın da üzvlüyü rədd edilə bilər. Belə olan halda Aİİ üzvlüyü Ermənistan üçün daha sərfəli seçimdir. Çünki Aİİ üzvlüyü vasitəsilə Ermənistan Rusiya sanksiyalarından yan keçərək əhəmiyyətli gəlirlər əldə edir. Buna görə də İrəvan Aİİ-dən çıxmaq istəməyəcək, amma eyni zamanda Avropa Komissiyası ilə danışıqlar aparacaq. Eyni zamanda Aİİ-ni şantaj edərək güzəştlərin artırılmasına çalışacaq”.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır