“Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama

02:30 - 15 İyul 2026 - GÜNDƏM

 “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyətdən sonra həm futbolçularının yaşadığı məyusluqdan danışıb, həm də matçın hakimi İvan Bartonun idarəçiliyini sual altına alıb.

BUTA.TV”nun xəbərinə görə, qarşılaşmadan sonra açıqlama verən təcrübəli mütəxəssis komandasının böyük hədəflərlə meydana çıxdığını bildirib.

“Əlbəttə ki, böyük məyusluq var. Oyunçular çox iddialı olduqları üçün sarsılıblar. Bununla belə, realist olmalı və bu gün oyunu yaxşı idarə edən komandaya qarşı texniki baxımdan bir pillə aşağı olduğumuzu qəbul etməliyik”, - o deyib.

Deşam məğlubiyyətə görə heç kimi günahlandırmaq istəmədiyini vurğulasa da, salvadorlu hakim İvan Bartonun qərarları ilə bağlı suallarının olduğunu söyləyib: “Əgər nəsə desəm, məğlub olduğumuz üçün acıqlı təəssürat bağışlayacağam. Amma sizdən soruşuram: hakim DÇ-nin yarımfinalını idarə etmək üçün lazımi səviyyəyə malik idimi? Çoxlu suallarım var, amma cavab verməyəcəyəm”.

Fransalı məşqçi xüsusilə İspaniyanın ilk qoluna səbəb olan penalti epizoduna diqqət çəkib. Onun sözlərinə görə, Lukas Dinyenin Lamin Yamalla təmasından əvvəl ispaniyalı futbolçunun topa əllə toxunub-toxunmadığı VAR tərəfindən araşdırılmayıb.

Deşam məğlubiyyətin əsas səbəbini hakim səhvlərində görmədiyini də bildirib: “Bu, ilk növbədə bizim günahımızdır. Oyunçular məyus olublar, amma reallığı qəbul etməliyik. Texniki baxımdan rəqibdən geri qalırdıq. İspaniya bu oyunda əlavə keyfiyyət nümayiş etdirdi”.

Qeyd edək ki, Fransa yığması yarımfinal mərhələsinə qədər təsirli çıxışı ilə diqqət çəkmiş, altı oyunda 16 qol vurmuşdu. Bununla belə, İspaniyaya məğlubiyyət “xoruzlar”ın üçüncü dünya çempionluğu arzusunu başa vurub.

İspaniya ilə oyun Deşam üçün daha bir əlamətdar məqamla yadda qalıb. O, 26-cı DÇ matçına çıxaraq Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönün rekordunu geridə qoyub və turnir tarixində ən çox oyun idarə edən məşqçi olub.

Turnirdən sonra Fransa millisindən ayrılacaq Deşam yığmanın başında son matçına üçüncü yer uğrunda qarşılaşmada çıxacaq. Onun yerinə əsas namizədlərdən birinin Zinəddin Zidan olduğu bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol