Vasif Talıbov bu ölkəyə köçür - İDDİA

11:00 - 18 Yanvar 2023 - CƏMİYYƏT

 Vasif Talıbov bu ölkəyə köçür - İDDİA

Talıbovlar hələ 2014-cü ildən bu bölgəyə ciddi investisiya yatırıblar; Acarıstan paytaxtındakı dəbdəbəli “Divan Suites Batumi” hoteli də onlara məxsusdur

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı ən müxtəlif xəbərlər yayılmaqdadır. Son olaraq, onun dövlət telefonunun bağlandığı haqda xəbər yayılıb. Daha bir ilginc xəbər isə Vasif Talıbovun Batumiyə köçə biləcəyi ilə bağlıdır. Bu isə təsadüfi deyil.

Məlumdur ki, Talıbovlar hələ 2014-cü ildən bu bölgəyə ciddi investisiya yatırıblar. Talıbovların o vaxt “Gəmiqaya Holdinq”i  Acarıstan paytaxtında “Divan Suites Batumi” hoteli tikib. O vaxt açılış çox dəbdəbəli olmuşdu. Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Arçil Xabadze “Gəmiqaya Holdinqin”in rəhbəri Rza Talıbovu şəxsən müşayiət etmişdi.

“Divan Suites Batumi” şəhərin ən prestijli hotellərindən sayılır. Batum bulvarına yaxın mövqedə yerləşməsi, xidmətin keyfiyyətinə görə 5 ulduzlu hotel konseptinə tam cavab verməsi, eyni zamanda dünyanın bir neçə mətbəxi təqdim edilən restoranı hoteli həm yerli iş adamları, həm də xarici qonaqlar üçün cəlbedici edir. Hoteldə 5 “kral otağı” da var. Qeyd edək ki, Acarıstanın o vaxtkı rəhbərliyi Talıbovlarla yaxın idi. Gürcüstan Batumini xüsusi iqtisadi zona elan etdiyindən həm yerli, həm də xarici investorlar üçün vergi dərəcələri aşağı idi. Bu da Talıbovlara xaricə investisiya yatırmaqda əlavə stimul demək idi.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-un bağlanış plenar iclası keçirilir

İddialara görə, Talıbovların təkcə Türkiyədə deyil, Batumidə də ciddi yatırımları var. Bu səbəbdən Vasif Talıbovun müəyyən müddət istirahət etmək üçün, üzərindəki stressi atmaq üçün Türkiyəyə deyil, Batumiyə getməyə üstünlük verə biləcəyi ağlabatandır. Məlumatlara görə, indiki halda Talıbovun özünün ölkəni tərk etməsi üçün heç bir yasaq yoxdur. Bununla belə, Talıbovların Batumidəki və xaricdəki obyektlərinin də “milliləşdiriləcəyi” xəbərləri gəlir. O, vaxtilə vəzifədə olarkən xaricə daşıdığı milyonlarla pulun hesabına çox böyük biznes imperiyası qura bilib.

 2012-ci ilin yanvarında, hələ vəzifədə ikən Vasif Talıbov Gürcüstanın Acariya Muxtar Respublikasının dənizkənarı kurort şəhəri Batumiyə 3 günlük işgüzar səfərə yola düşmüşdü. Bu səfərin məqsədilə bağlı o zaman yerli hökumətin yaydığı məlumatda "regionun iqtisadi və turizm potensialı ilə tanış olmaq" göstərilmişdi. Həmin səfərdə Vasif Talıbovu oğlu Rza Talıbov müşayiət edirdi. Bu səfərdən sonra tezliklə Batumidə Talıbovlar daşınmaz əmlaka sərmayə qoyaraq çimərlikdən cəmi bir neçə məhəllə məsafədə yerləşən tarixi binanı 1,5 milyon dollara satın almışdılar. Ancaq Talıbovlar ailəsinin satınalmalarının əsas hissəsi Dubayın öhdəsinə düşür.

2020-ci ilə qədər Vasif Talıbovun oğulları Ərəb Əmirliklərində ən azı 45 milyon ABŞ dolları dəyərində olan 11 əmlak və 12 mərtəbəli lüks hotelə sahibdirlər. Sızdırılan əmlak məlumat bazasını araşdıran qeyri-kommersiya araşdırma təşkilatı C4ADS-a əsasən, hər iki qardaşın orada yaşadıqlarını göstərən Ərəb Əmirlikləri şəxsiyyət vəsiqələri olub.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Talıbovlar ailəsi ölkənin ən varlı ailələrindən biri olub və bu ailənin hesablarındakı milyonlar Azərbaycan xalqının cibinin hesabına formalaşıb: “Mətbuatda Talıbovların Azərbaycanda, Türkiyədə, Dubayda, İraqda, Gürcüstanda biznes maraqlarının olması, daşınmaz əmlaka sahib olmaları kimsəyə sirr deyildi. Beynəlxalq jurnalist araşdırmaları ilə də Talıbovların milyonları xaricə banklardakı hesablara ötürmələri də gizlin deyildi. Faciə ondadır ki, bu pulların  oğurlanması və xaricə daşınması da aşkar idi. O zaman kimsə Vasif Talıbova və oğlanlarına Batumda, Türkiyədə,  Dubayda aldıqları, dəyəri milyonlarla ölçülən əmlakların hesabını sormurdu. Talıbovlar da heç bunu gizlətmək də istəyənə oxşamırdılar. Naxçıvanda oturub Bakıda məmurlara hökm edirdi. İndi isə Vasif Talıbovun hesab zamanıdır. Onun ölkədən kənara çıxması yalnız nəzarət altında ola bilər. Onun ixtiyarı özündə deyil ki, gedib Batumdakı "Divan" hoteldə yaşasın. Vasif Talıbova bu hüququ tanımazlar. Ona görə ki, vəzifədə olarkən özünü ali hakimiyyətə münasibətdə saymazyana aparıb. Bakıdan Naxçıvana gedən rəsmilərə qarşı da qabalıq nümayiş etdirilib, az qala qapıdan qovmaq həddində münasibət sərgilənib. Əlbəttə ki, bütün bunlar diqqətdən kənar qala bilməzdi. Ona "xan" adı elə-belə verilməmişdi. Naxçıvanı kefi necə istəyirdi, necə bilirdi, elə idarə edirdi. İbtidai icma quruluşu səviyyəsində idarəetmə qurmuşdu. Naxçıvan bir ada kimi idi və bizim bir çox şeylərdən xəbərimiz olmurdu. Naxçıvandan olan deputatlar, siyasətçilər hətta dövlətimizin çox ciddi bir təhlükədən xilas olduğundan danışırsa, görünür, Vasif Talıbovun təkcə iqtisadi, inzibati gücü deyil, həm də hərbi gücü olub, başqa qaranlıq güclərə malik olub. İstisna deyil ki, Naxçıvanda fəaliyyət göstərən ordu, qoşunlar belə onun təsiri altında olub, əmrlərini yerinə yetirib. Belə bir təhlükə görünür ki, olub və get-gedə böyüyüb. Elə həddə çatıb ki, artıq Bakı üçün ciddi problem yaratmağa başlayıb. Ona görə məsələ bu şəkildə həll olundu. Vasif Talıbovun ambisiyaları təhlükə səviyyəsində olub və Bakı üçün təhlükə yaradıb. O, sıradan bir korrupsioner məmur deyildi, onun əlində çox ciddi resurslar var idi. Və bu resurslar, görünür, artıq dövlət üçün təhlükə yaradırmış. Odur ki, belə bir şəxs, məncə, bundan sonra Bakıda qalacaq, Bakıda qalması məqsədəuyğun sayılacaq. Bundan sonra onun Azərbaycan üçün təhlükəsi qalmayacaq. İndiki halda, Vasif Talıbovun ölkədən çıxışına imkan verilməyəcək. O, Eldar Mahmudov kimi ətrafının həbslərinin həyəcanını yaşamalı olacaq. Hər gün özünün, oğlanlarının həbsini gözləməklə günlərini, illərini keçirməli olacaq". // Pravda.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol