Hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk qruplar həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını, anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır.
BUTA.TV xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova deyib.
Ginekoloq qeyd edib ki, risk qruplarının əsas problemlərdən biri qadının yaşı ilə bağlıdır:
“Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar - hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.
Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda (5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər”.
N.Axundova bildirib ki, döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır:
“Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması düşüklərin və vaxtından əvvəl doğuşların riskini 40 faizədək artırır, hamilə qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar ilə doğulmasına səbəb ola bilir”.
O, hamiləliyin qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olduğunu da vurğulayıb:
“Burada yaş faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması, xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş qadın üçün imtahandır. Təkrar hamilə qalmaq, dünyaya sağlam uşaq gətirmək və ağırlaşmaların sayının az olması üçün ən azı 12-18 ay keçməlidir. Bu müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.
Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq.
Ümumiyyətlə, 20-35 yaş aralığı qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal dövrdür. Hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir. Eyni zamanda, hamiləlik fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır. Buna görə qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir. Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür”.
Ginekoloqun sözlərinə görə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu həkimlə məsləhət etməlidilər:
“Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya uşaqda anadangəlmə qüsurlara səbəb olur.
Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı içkilər və qəhvənin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda oksigenə olan tələbatı ödəyir. Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim məsləhətindən keçməlidir”.
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək