Putin zirehli qatardan istifadə edir: Gizli dəmir yolları...

14:36 - 14 Fevral 2023 - GÜNDƏM

 Putin zirehli qatardan istifadə edir: Gizli dəmir yolları...

Rusiya Prezidenti Vladimir Putinin bütün əsas iqamətgahlarına dəmir yolu xətləri çəkilib və gizli stansiyalar tikilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Proyekt” nəşri məlumat yayıb.

Məlumata görə, Valday Milli Parkının ərazisində Dlinnıe Borodı kəndi yaxınlığında helikopter meydançası olan dəmiryol stansiyası xüsusi mühafizə altındadır. Bu, Putinin sevimli Valday iqamətgahına ən yaxın yaşayış məntəqəsidir.

Yerli sakinlər nəşrə bildiriblər ki, stansiya və ora aparan xüsusi dəmir yolu xətti yalnız Rusiya prezidenti üçün tikilib.

Bundan başqa, 2015-ci ildə Putinin Novo-Oqaryovodakı iqamətgahından 400 metr aralıda yerləşən stansiya tikilib. Stansiyanın yerləşdiyi torpaq sahəsi Rusiyanın o vaxtkı baş naziri Dmitri Medvedyevin qərarı ilə Federal Mühafizə Xidmətinin xeyrinə xüsusi mülkiyyətdən çıxarılıb. Stansiya az sayda vaqon üçün nəzərdə tutulub və hər 10 metrdən bir nəzarət kameraları quraşdırılan hündür hasarın arxasında gizlədilib.

2017-ci ildə prezidentin Soçidəki “Boçarov ruçey” iqamətgahının yanında da hündür hasarlarla gizlədilən platforma və stansiya tikilib.

Nəşr Putinin xüsusi qatarı ilə də bağlı məlumat yayıb və bildirib ki, qatar bir neçə dəfə görüntülənib.

Keçmiş maşinistlərdən biri “Proyekt”ə açıqlamasında bildirib ki, Putinin zirehli qatarı “Moskva-Kalançevskaya” stansiyasının deposunda yerləşir. Qatar Putinin yaxın dostu Yuri Kovalçukun “Grand Service Express” şirkətinə məxsusdur.

Həmin vağzal hündür hasarlar və tikanlı məftillərlə əhatələnib. 2017-ci ildə Putinin korteji üçün Kalançevkadakı VİP stansiyaya yeni yol çəkilib.

Qeyd edək ki, fevralın 13-də “Dosye” mərkəzi Vladimir Putinin uzun məsafəli səyahət üçün zirehli qatardan getdikcə daha çox istifadə etdiyini bildirib. Ötən ilin dekabrında Putinin Moskvadan Urala qədər qlobal gizli bunkerlər şəbəkəsinə malik olduğu ilə bağlı da məlumatlar yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol