Münhendə yeni debat olacaq?

21:28 - 15 Fevral 2023 - GÜNDƏM

 Münhendə yeni debat olacaq?

Münhendə 17-19 fevral tarixlərində ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı təsdiqlənib. Görünür, Nikol Paşinyan bu tribunadan istifadə edib Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir. Azərbaycanın da tədbirdə yüksək səviyyədə təmsil olunacağı ehtimalı çoxdur.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Münhendə konfransla yanaşı müxtəlif mövzularla bağlı debatlar da keçirilir:

“Belə debatlardan biri Qarabağ mövzusuyla bağlı olmuşdu. İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin fevralın 15-də debatda iştirak etdilər. Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi”.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin konfransda iştirakı təsdiqlənərsə, Nikol Paşinyanla Münhendə yenə debat keçirilə bilər:

“Bəlkə də konfransın təşkilatçıları belə bir debatda maraqlıdırlar. Belə bir debat olsa, yenə gərgin keçəcək. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol