Bəzən Ukrayna və Qərb ölkələrinin mətbuatı xalqa, eyni zamanda hərbçilərə hesablanmış belə təbliğat materiallarına müraciət edirlər. Fikrimcə, Rusiyanın silah ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatlar daha çox təbliğat xarakteri daşıyır.
Bu sözləri BUTA.TV-a Qərb mətbuatında Rusiyanın hərbi gücünün zəifləməsi haqqında yayılan məlumatlar və müharibənin gedişatı haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
O, Rusiyanın əlində SSRİ dövründən böyük silah arsenalının qaldığını qeyd edib:
“İndiyədək dəfələrlə Rusiyada raket ehtiyatlarının tükənmək üzrə olduğu haqda açıqlamalar verilib. Lakin sözügedən açıqlamalarda məsələ haqqında təfərrüat tam şəkildə göstərilmir və adətən belə informasiyalar yayılandan sonra Rusiya yenə Ukrayna şəhərlərini atəşə tutur.
Vaxtilə SSRİ bütün dünya ilə uzunmüddətli müharibəyə hazırlaşırdı. Hazırlıq nəticəsində yığılan arsenalın 80-90%-i Rusiya ərazisində qalıb. Ukrayna müharibəsində qısa müddət ərzində bunların tamamilə sıradan çıxarılması mümkün deyil. Rusiyanın bəzi silahları köhnəlib, dəqiqliyə, sürətə və s. parametrlərə görə Qərb analoqlarından geri qala bilər, amma onların tükənməyi tamamilə absurd məsələdir. Hətta Rusiyada minlərlə, on minlərlə raketin, tankın və digər hərbi texnikanın baxımsızlıqdan çürüdüyü yerlər var. Digər tərəfdən Rusiyada bəzi zavod və fabriklərdə istehsalın 24 saata keçməsi ilə bağlı xəbərlər mövcuddur. Xüsusilə Ural zavodları üç növbəli istehsala keçiblər, demək olar ki, hər gün cəbhəyə hərbi texnika göndərilir”.
Ekspertin sözlərinə görə, hazırda Ukrayna ilə bir cəbhə, təmas xətti formalaşıb:
“Nə Rusiya irəli gedib işğala davam edə, nə də Ukrayna öz ərazilərini qurtara bilir. Rusiyanın yaxın dövrdə yeni hərbi hücuma hazırlaşdığı haqqında açıqlamalar var. Ukrayna isə hücumların dəf edilməsi üçün 300-700 arasında tanka ehtiyac olduğunu bildirir. Qırıcı təyyarələrin Ukraynaya verilməsinə isə Avropa ölkələri, xüsusilə də Almaniya qarşı çıxır. Böyük ehtimal Rusiya da, ABŞ-ın liderlik etdiyi Qərb ölkələri də əsas öldürücü, güclü silahlarını son mərhələyə saxlayır. Görünən odur ki, qarşıdan daha ağır döyüşlər gəlir. Fikrimcə, yalnız bu zaman Qərbin Ukraynanın nə qədər yanında olduğunu, Rusiyanın da əlindəki bütün gücünü görəcəyik”.
- Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan
- Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi
- Tariximizin Zəfər salnaməsi!
- Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
- Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan
- Türkiyə F-16-ları Azərbaycana göndərir
- Paşinyandan Azərbaycan açıqlaması: Bu tarixi hadisədir!
- Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir - Qənbər kimdir?