Çox qısa ara ilə Azərbaycan iki dəyərli ziyalısını itirdi: Ramiz Novruz və Hacı Şahin...
Ramiz Novruzla vida mərasimi evində keçirildi – baxmayaraq ki, bina evində ənənəvi və təmtəraqlı vida mərasiminin necə keçirilə biləcəyi haqda heç bir fikrim yoxdur. Ramiz Novruz haqda çıxışlar, sayğı duruşu, əklillərlə əhatə olunan tabut... – bina evindəki kiçik mənzildə belə bir “vida” təsəvvür edirsinizmi?
Mədəniyyət Nazirliyinin rəsmilərindən də kimsə yox idi və bu da tənqid olundu. Sonradan “izah” verildi ki, Mədəniyyət Nazirliyində 4 nəfər gəlibmiş, dəfndə də iştirak ediblərmiş...
O 4 nəfərdən heç biri nazir – lap olsun nazirəvəzi, - nazir müavini və s. deyildi. Kimlər idi? Aparat rəhbəri, Teatr sektorunun müdiri, Musiqi sektorunun müdiri, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı...
Minlərin, onminlərin, bəlkə də milyonların sevgisini qazanmış Ramiz Novruza son vəfa borcunu yerinə yetirməyə tənbəllik edən nazirliyin rəhbərliyi elə yenicə ictimai qınağa tuş gəlmişdi ki... Hacı Şahinin itkisini yaşadıq.
Hacı Şahinin necə böyük sevgi qazandığını onun vida mərasimi və dəfn foto-videolarına baxmaqla müəyyən etmək olar: sosial şəbəkələr də Hacı Şahinə sonsuz sevgi ilə dolub-daşır. Əsl millət adamı, din adamı, ictimai xadim idi.
Hacı Şahinin vida mərasiminin Məşədi Dadaş məscidində keçirilməsini “izah” etməyə çalışdılar – bu məscidin imamıdır, ona görə.
Halbuki Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin səlahiyyətli nümayəndəsi, Qazilər Şurasının üzvü idi – Təzəpirdən də götürülə bilərdi, o məscidin imkanları daha genişdir.
Hacı Şahinin vida və dəfn mərasimində Şeyxi görən oldumu? Yaxud bu ölkənin dini qurumunun ən yüksək səviyyədə iştirakı gözə dəydimi?
Yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı Hacı Şahinin dəfnində niyə görünmədi, boy vermədi, bir çıxış edib, ailəsinə, onu sevənlərə və xalqa başsağlığı vermədi? Yaxud Mübariz Qurbanlının müavinləri...
Dəfndə iştirak bir yana, QMİ-nin və Dövlət Komitəsinin rəsmi başsağlığı da yoxdur Hacı Şahinlə bağlı.
Bu ölkənin Ramiz Novruz kimi nəhəng aktyoru, insan kimi insanı, qalmaqaldan uzaq, səmimi və istedadlı ziyalısı dünyasını dəyişir – Mədəniyyət Nazirliyinin rəhbəri vida və dəfndə olmur;
Bu ölkənin ən tanınmış, ən sevilən, ən hörmətli din xadimlərindən biri gənc ikən vəfat edir – QMİ və Dini Komitə rəhbərliyi yoxa dönür.
Ürəyiniz, qəlbiniz, ruhunuz olmaya bilər, bəs, görəvinizi niyə yerinə yetirmirsiniz?
Bu qədər tənqiddən, ictimai qınaqdan yəni nəticə çıxarmaq çoxmu çətindir?
Bəs, siz kimə və nəyə lazımsınız axı!..
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi