Xocalıda görüşün ardınca Qarabağda atəş…

16:20 - 3 Mart 2023 - GÜNDƏM

 Xocalıda görüşün ardınca Qarabağda atəş…

Xocalı görüşündən sonra Xankəndidəki separatçılar “Azərbaycan kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərini atəşə tutub” iddiasını irəli sürdü, Rusiya tərəfi də bu iddianı “təsdiqlədi”. Bu gün Azərbaycana qarşı yenə “atəş açmaq” ittihamını irəli sürüblər.

Bu iddiaların hədəfi bəllidir: separatçılar və Rusiya Qarabağda erməni əhalisinin Azərbaycana inteqrasiyasının mümkünsüzlüyünü göstərməyə çalışır - həm ermənilərə, həm də beynəlxalq ictimaiyyətə.

Belə bir “ehtiyaclarının” yaranması o deməkdir ki, Bakı danışıqlarda inteqrasiya məsələsini israr edir. Hərçənd görüşün keçirilməsi və ardınca “atəş” iddialarının mümkün Brüssel görüşündən öncə qeydə alınması təsadüfi deyil.

Bakı manevr edir: separatçıların bölgədə mövcudluğu davam etdiyi vaxt təmaslar riskli olsa da, Qərbin “təmasların indi başlanması” istəyinə uyğun görüş keçirdi və “inteqrasiya prosesini” önə çıxarmaqla separatçıları dilemma qarşısında qoydu;

- təmasları qəbul etmək “inteqrasiya prosesini” qəbul etmək deməkdir;

- bundan imtina etmək erməni əhalisinin “təmsilçisi” olmadıqları deməkdir.

Bakı Brüsseldə bu məsələni önə sürəcək və bununla “təmasların indi başlanması”nı istəyən Qərbə göstərəcək ki, Qarabağda erməni əhalisi ilə separatçı rejim eyni deyil, separatçıların mövcudluğu təmasların qarşısını alan amildir. Və bu, Azərbaycanın mümkün praktiki addımlarını Qərbdə də siyasi legitimlik qazandıra bilər.

Çətin vəziyyətdə qalan separatçılar (həm də Rusiya) çıxış yolunu “Azərbaycan atəş açıb” iddialarını tirajlamaqda görürlər. Böyük ehtimalla həm erməni əhalisində Azərbaycanın “düşmən obrazını” gücləndirmək, həm də beynəlxalq ictimaiyyətdə “tərəf” olduqlarını nümayiş etdirmək məqsədilə Qarabağda qarşıdurmanı kəskinləşdirəcək ciddi təxribatlara da əl atacaqlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol