Avstraliyalı milyarder Klayv Palmer “Titanik 2” gəmisini yaratmaq fikrinə düşüb.

Kult.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Laynerin yeni versiyasının 2027-ci ildə ilk səyahətinə çıxacağı gözlənilir.

Palmerin sözlərinə görə, onun layihəsi orijinaldan daha yaxşı olacaq. 56 min ton yerdəyişmə qabiliyyətinə malik doqquz göyərtəli gəminin dəyəri 1 milyard dollar qiymətləndirilir. Gəmi 2500-ə qədər sərnişin daşıya biləcək.

Onun tikintisinə isə 2025-ci ilin qışında başlanacağı gözlənilir.

“Titanik 2” həmçinin bütün müasir avadanlıqlarla, ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci il aprelin 14-də axşam saatlarında aysberqlə toqquşub və batıb. Laynerinin faciəvi ilk səyahətindən yalnız 712 sərnişin sağ qalıb.