Yüzlərlə tabut və qızıl əsərlərlə dolu qədim qəbiristanlıq tapıldı - Fotolar
Foto
Misirin şimalındakı Menufiya əyalətinin Əbu Bellu arxeoloji ərazisində aparılan qazıntılar zamanı yüzlərlə tabut və qiymətli artefaktların yer aldığı nəhəng qədim qəbiristanlıq (nekropol) aşkar edilib.
“BUTA.TV” xəbər verir ki, Misir Turizm və Qədim Əşyalar Nazirliyinin yaydığı məlumata görə, Qədim Əşyalar Ali Şurasının arxeoloji qrupu tərəfindən tapılan ərazidə daş və insan formasında hazırlanmış keramika tabutlar, taxta tabut qalıqları, çiy kərpicdən hörülmüş günbəzli məzarlar və əhəngdaşından ibarət daxili məzar tikililəri üzə çıxarılıb.
Qazıntılara rəhbərlik edən Məhəmməd Əbdülbadi nekropoldakı məzarların Ptolemey Krallığının erkən mərhələlərinə və daha əvvəlki tarixi dövrlərə aid olduğunu bildirib. Ali Şuranın baş katibi Hişam əl-Leysi isə unikal memarlıq xüsusiyyətlərinə malik bu məzarlığın ilkin araşdırmalara görə orta gəlirli təbəqəyə məxsus şəxslərin dəfn yeri olduğunu ehtimal etdiklərini deyib.
Məzarlarda aparılan tədqiqatlar zamanı çoxsaylı qiymətli əşyalar da tapılıb. Artefaktlar arasında qızıl dil fiqurları, boyunbağılar, sırğalar, amuletlər, həşərat formalı talismanlar və məzar heykəlcikləri yer alır. Bununla yanaşı, ərazidə nəzir qurbangahları, əhəngdaşından hazırlanmış heykəl başları, eləcə də, mumiyalama prosesində istifadə olunan xüsusi materiallar və qətran qalıqları aşkar edilib.
Misirin turizm və qədim əşyalar naziri Şərif Fəthi bu tapıntıların qədim Misir sivilizasiyasına və dövrün dəfn ənənələrinə yeni işıq salacağını vurğulayaraq, ərazidə arxeoloji tədqiqatların və sənədləşdirmə işlərinin fasiləsiz davam etdirildiyini bildirib.
23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar