Ukrayna ABŞ Prezidenti Donald Trampın hədələrinə və onun Vladimir Putinlə razılığa gəlməsinə baxmayaraq, Rusiyanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna hücumları dayandırmaya bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegrаf” nəşri yazıb.

Nəşr qeyd edir ki, Kiyev neft sənayesinə zərbələri Kremlə iqtisadi təzyiq göstərməyin ən təsirli vasitələrindən biri hesab edir:

“Rusiyadan ABŞ-a dizel yanacağının tədarükü barədə açıqlamadan qısa müddət sonra Rostov-Donda Novoşaxtinsk neft emalı zavodu ilə əlaqəli neft yükləmə terminalında güclü yanğın baş verib. Məlumatlara görə, obyekt Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Daha sonra Samara vilayətində, Prosvet qəsəbəsi yaxınlığında yerləşən digər böyük neft obyektinin də vurulduğu məlum olub.

Bu zərbələr Ukraynanın Rusiyanın hərbi maşınının maliyyələşdirilməsinə sərf olunan neft gəlirlərini azaltmağa yönəlmiş genişmiqyaslı kampaniyasının bir hissəsidir. Bununla yanaşı, hücumlar Trampın narazılığına səbəb olub, çünki o, dünya bazarında yanacağın qiymətlərinin artmasını bununla əlaqələndirir. ABŞ prezidenti noyabrda keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində yanacağın qiymətini aşağı salmağa çalışır. Lakin Kiyev hücumlardan imtina etməyə hazır olduğunu nümayiş etdirmir”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya dizel ixracı ilə bağlı tətbiq edilən sanksiyaların növbəti ilin aprelin 7-dək aradan qaldırıldığını bəyan edib. Tramp isə Zelenskidən Rusiyanın neft zavodlarını vurmamağı tələb etdiyini açıqlayıb.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video