2026-cı ilin yanvar–sentyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1,8% azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib. Lakin bu azalma bütün istiqamətlər üzrə eyni deyil. İrana səfərlər 44,5% azaldığı halda, Gürcüstana 17,6%, Türkiyəyə isə 2,3% artıb. Hesablamalarımıza əsasən, İran istiqamətini çıxsaq, digər ölkələrə səfərlərin ümumi sayı təxminən 2,4% artıb.

Bu sözləri BUTA.TV-a açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Azərbaycandan xarici ölkələrə səfərlərin 2% azalması haqda Statistika Komitəsinin məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ümumi azalmanın əsasən müəyyən istiqamətlərdə cəmləşdiyini göstərir:

“Regional təhlükəsizlik vəziyyəti, nəqliyyat imkanları və səyahət xərcləri mümkün təsir amilləridir. Lakin onların hər birinin təsirini ayrıca qiymətləndirmək lazımdır. Unutmamalıyıq ki, xarici səfərlərin heç də hamısı istirahət və turizm məqsədli deyil. Məsələn, 2025-ci ildə İrana səfərlərin yalnız 5,6%-i turizm məqsədli olub”.

S.Dübəndi qeyd edib ki, 2026-cı ilin ilk yarısında turizm məqsədli xarici səfərlərin sayı 8,2%, bu səfərlərə çəkilən xərclər isə təxminən 12% azalıb:

“Bir səfərə düşən orta xərc də aşağı düşüb. Bu, səyahət büdcələrinin daha qənaətlə planlaşdırılması ehtimalını göstərsə də, səfərlərin müddəti və istiqamətləri üzrə dəyişikliklər də nəzərə alınmalıdır.

Digər tərəfdən, ilin ilk doqquz ayında əhalinin nominal gəlirləri 9,6%, istehlak qiymətləri isə 5,7% artıb. Yəni ümumi iqtisadi göstəricilər əhalinin alıcılıq qabiliyyətinin bütövlükdə azaldığını təsdiqləmir. Bununla belə, ayrı-ayrı ailələrin maliyyə imkanları və bahalaşmadan təsirlənmə səviyyələri fərqlidir.

Hesab edirəm ki, əsas məqsəd vətəndaşların səyahət imkanlarının genişləndirilməsi, münasib qiymətlərin və keyfiyyətli xidmətlərin təmin edilməsidir. Bunun üçün aviasiya bazarında rəqabətin gücləndirilməsi, sərfəli uçuşların və turizm təkliflərinin artırılması vacibdir. Eyni zamanda, daxili turizmin inkişafı, regionların nəqliyyat əlçatanlığının yaxşılaşdırılması və qiymət-keyfiyyət nisbətinin yüksəldilməsi diqqət mərkəzində olmalıdır.

Fikrimcə, turizm bazarındakı dəyişikliklərə yalnız səfərlərin sayı ilə deyil, onların məqsədi, müddəti, istiqaməti və xərcləri əsasında qiymət verilməlidir”.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu