Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərar ilə pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) BUTA.TV-a bildirilib ki, 2027-ci ildən pambıq üçün subsidiya məbləği hesablanarkən 2 əsas meyar nəzərə alınacaq. Birincisi torpağın lazerlə hamarlanmasıdır. Əgər fermer torpağı lazerlə hamarlama etdiribsə və bu, birinci ildirsə, daha yüksək subsidiya alacaq. Digər hallarda və ya növbəti illərdə subsidiya əmsalı bir qədər aşağı olur. İkinci əsas şərt isə suvarma sisteminin növü ilə bağlıdır. Ən müasir və qənaətcil suvarma sistemindən (damcı) istifadə edənlərə daha çox, ənənəvi suvaranlara isə nisbətən az pul ödəniləcək.

Beləliklə, məhsulun hər tonuna görə ödənilən subsidiya məbləği aşağıdakı formada hesablanacaq:

1. Torpağı lazerlə hamarlayanlar üçün (ilk ilində):

- Damcı suvarma sistemi varsa, hər tona görə 350 manat;

- Digər müasir suvarma sistemi varsa, hər tona görə 265 manat;

- Müasir suvarma sistemi yoxdursa (ənənəvi), hər tona görə 250 manat.

2. Digər hallarda, yəni lazer hamarlamadan istifadə etməyən və ya lazerin 1-ci ilindən sonra:

- Damcı suvarma sistemi varsa, hər tona görə 300 manat;

- Digər müasir suvarma sistemi varsa, hər tona görə 215 manat;

- Müasir suvarma sistemi yoxdursa (ənənəvi), hər tona görə 200 manat.

AKİA-dan o da bildirilib ki, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif texnika və avadanlıq növləri üzrə tətbiq edilən güzəştlərin həcmi də müəyyən edilib. Güzəştli şərtlərlə texnika əldə edilərkən texnikanın satış dəyərinin 20 faizi həcmində ilkin ödəniş alıcı tərəfindən ödənilir. Hər bir texnika növü müəyyən edilmiş güzəşt məbləği isə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə ödənilir. Texnikanın dəyərinin qalan hissəsi isə müvəkkil təşkilatlar tərəfindən kredit və lizinq yolu ilə maliyyələşdirilir. Kredit və lizinq məbləğinə tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir. Aqrar Subsidiya Şurası tərəfindən yerli istehsal damcılı suvarma sistemləri üçün güzəşt məbləği 60 faiz, idxal edilən damcılı suvarma sistemləri üçün 50 faiz, digər suvarma sistemləri üçün isə 40 faiz həcmində müəyyən olunub.

Ümumiyyətlə, pambıq əkinlərində damcılı suvarma sistemi suya qənaət, torpaqda optimal nəmlik rejiminin yaradılması və məhsuldarlığın artırılması baxımından daha məqsədəuyğundur. Su birbaşa bitkinin kök zonasına verildiyindən su itkiləri azalır, gübrələrin su ilə birlikdə tətbiqi mümkün olur və bitkinin suya tələbatı daha dəqiq tənzimlənir. Xüsusilə su qıtlığı olan ərazilərdə bu sistem su ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Dövlət dəstəyi nəticəsində fermer tərəfindən məhsul istehsalına çəkilən xərclər azalır və gəlirlər artır.

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin və subsidiya vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə monitorinqlər EKTİS vasitəsilə çarpaz yoxlama, peyk təsvirləri (ortofoto xəritələr) əsasında yerüstü müşahidə və yerində müşahidə üsulları ilə həyata keçirilir.

Həmçinin risk meyarları və daxil olmuş müraciətlər əsasında seçilmiş əkin sahələri üzrə DAİM və AKİA-nın mütəxəssisləri tərəfindən yerində müşahidələr aparılır, nəticələr aktlaşdırılaraq EKTİS-ə daxil edilir.

Monitorinq nəticələrinə əsasən müəyyən edilmiş əkin sahəsi ilə bəyan edilmiş məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, Qaydanın tələblərinə uyğun olaraq subsidiya məbləği azaldılır və ya subsidiyanın ödənilməsindən imtina edilir. Əkin subsidiyası ödənildikdən sonra aparılan monitorinqlər zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada fermerlərə ödənilmiş subsidiyaların geri qaytarılması və növbəti ildə subsidiyanın hesablanmaması ilə bağlı müvafiq tədbirlər görülür.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar