Məktəbdə intihar və döyülmə... - Jurnalistlərin rəyi
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib. Hadisəni işıqlandırmaq üçün məktəbə yollanan Real TV-nin əməkdaşları şagirdlərin hücumuna məruz qalıb. Bu hücum cəmiyyətdə geniş müzakirələrə yol açıb. Jurnalistlərin fəaliyyəti və hücuma məruz qalmaları ilə orta məktəb şagirdlərinin həssaslığı, psixoloji vəziyyətləri qarşılaşdırılır.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən “Yeni Müsavat” Media Qrupunun baş redaktorunun müavini Xalid Kazımlı məktəbin qarşısında baş verən hadisəni rüsvayçılıq adlandırıb.
“Məktəb rəhbərliyinin göstərişi ilə bir jurnalisti, öz peşə borcunu yerinə yetirən şəxsi yerə yıxıb təpikləyirlər. Aldığı xəsarətlərdən o ölə də bilərdi. 7-8 il öncə eyni vəziyyətdə təpiklənən Rasim adlı həmkarımızın həyatını itirməsini xatırlayaq. İkincisi, heç vəchlə haqq qazandırmağın mümkün olmadığı bu vəhşilikdən bəhs edən cümləyə "amma" bağlayıcısının pərçim edilməsi artıq cinayətə haqq qazandırmaqdır. "Azərbaycan müəllimi" qəzetinin jurnalistlə onu döyənlər və döyündürənlər arasında bərabərlik işarəsi qoyması peşə etikası baxımından rüsvayçılıqdır. Heç bir səbəb jurnalistin və ya başqa birinin küçədə linç edilməsinə haqq qazandıra bilməz. Operator öz işini görür, ekstremal hadisə baş verən yerdən reportaj hazırlamaq istəyir və onu döyürlər. Demək, bu görüntülərin ictimailəşməsini istəmir, hadisəni necəsə ört-basdır etmək istəyirlər. Başqa izahlar hamısı əfsanədir, eləcə də "uşaqların psixoloji durumu"ndan danışmaq gözə kül üfürməkdir. Ona qalsa, jurnalistlərin öz işlərini görməsinə mane olmaq üçün çox bəhanələr tapmaq olar: "Valideynləri halı", "İstintaq hər şeyi araşdırır", "Ürəyi zəif olanlar" və sair və ilaxır. Bunlar bəhanədir. Məqsəd jurnalistin fəaliyyətinə mane olmaq olub və bunu vəhşicəsinə ediblər”, - Kazımli deyib.
“Qaynarinfo” saytının baş redaktoru Zahir Əzəmət də sözügedən məktəbdəki insidentin çox ciddi siqnal olduğunu bildirib:
“Hesab edirəm ki, ilk növbədə təhsil naziri bəzi məsələlərə aydınlıq gətirməlidir və məncə, cənab nazirin cavab verməli olduğu suallar heç də az deyil”.
“Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu isə saytımıza açıqlamasında nəinki jurnalistlərə, ümumiyyətlə, heç kimə qarşı fiziki zorakılığın yolverilməz olduğunu və hadisəyə hüquqi qiymətin verilməli olduğunu deyib:
“Bunun üçün əvvəlcə baş verənlərin bütün təfərrüatı aydınlaşdırılmalıdır. Burada mühüm məqam var: hadisədə məktəblilərin iştirak etdiyi bildirilir. Söhbət qanunları, jurnalistlərin peşə hüquqlarını və hüquqi məsuliyyətin mahiyyətini bilməsi gözlənilən yetkin şəxslərdən deyil, uşaqlardan gedir. Davranışları onların intizam və tərbiyə baxımından ciddi problemlərinin olduğunu göstərir. Amma onlar qarşılarındakı şəxsin jurnalist olduğunu bilirdilərmi? Yayılan görüntülərdə bunu göstərən hər hansı fərqləndirici əlamət görünmür. Üstəlik, zərərçəkənin müxbir və ya operator deyil, çəkiliş qrupunun assisenti olduğu bildirilir.
Hələlik hadisənin necə baş verdiyinə dair aydın məlumatlardan daha çox ittihamlar və qınaqlar eşidirik”.
Onun sözlərinə görə, “Azərbaycan müəllimi” qəzetində dərc olunan məqalədə diqqətə alınmalı məqamlar var:
“Bununla belə, bəzi qiymətləndirmələr tələsik təsir bağışlayır. Ümid edirəm ki, müəllif hadisəni hərtərəfli araşdırıb. Jurnalistlərin peşə məsuliyyəti də diqqətdən kənarda qalmamalıdır. Şagirdin ölümü ilə bağlı xəbər “bədbəxt hadisə” kimi təqdim edilirdisə, jurnalistlər məktəbə hansı faktları araşdırmağa getmişdilər? Sorğu-sual zamanı azyaşlıların psixoloji vəziyyəti nəzərə alınmışdımı? Ümumiyyətlə, qarşıdurma nədən yaranmışdı?
Məncə, ən ciddi problem isə bütün bunların kökündə dayanan faciənin kölgədə qalmasıdır. VII sinif şagirdinin ehtimal olunan intiharı, hadisənin səbəbləri, uşağın hüquqları və ailəsinin yaşadığı sarsıntı əvəzinə, əsas müzakirə mövzusu jurnalistlərlə bağlı insidentə çevrilib.
Jurnalistlərin hüquqlarını müdafiə etmək vacibdir. Amma uşaqların hüquqlarını da unutmamalıyıq. Bir uşağın ölümü və ailəsinin faciəsi jurnalistlərlə bağlı qalmaqalın kölgəsində qalmasın”.
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"