“Üçüncü cinsin nümayəndəsini əsla oynamaram” - Videomüsahibə
Video
Foto
“Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox...”
Valideyn itkisi yaşayan hər kəsin qəlbində dərin iz buraxan, illər keçsə də, təsir gücünü itirməyən bu misralar Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin qələmindən süzülüb. Sənətkar övladı olmaq bəzən böyük bir irsin kölgəsində yaşamaq, bəzən isə ondan güc alaraq öz yolunu müəyyənləşdirməkdir. Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlinin sənət yolu da bu baxımdan maraq doğurur.
51 yaşlı aktyor “BUTA.TV”ya müsahibəsində yaradıcılıq yolunda qarşılaşdığı çətinlikləri, eyni zamanda gündəmdəki məsələlərlə bağlı suallarımızı cavablandırıb:
- Uzun müddət ağır atletika ilə məşğul olmusunuz, ikinci dərəcəli idman ustasısınız. Necə oldu ki, son seçim aktyorluq oldu?
- Mən idmanla məşğul olduğum zaman artıq aktyorluq edirdim. 5-ci sinifdə oxuyanda evdən xəbərsiz, futbol oynamaq adı ilə aktyorluq dərnəklərinə gedirdim. Anam biləndən sonra isə dərsimi verirdi. 9-cu sinifdə idmana həvəs göstərdim, buna səbəb isə həddindən artıq arıq olmağım idi. Yəni bu ikisini paralel aparsam da, həvəsim aktyorluğa olub.
- Aktyorun yaradıcılıq sərhədi olmalıdırmı? Hansı obrazdan yüksək qonorar qarşılığında belə imtina edərsiniz?
- Üçüncü cinsin nümayəndəsini əsla oynamaram, oynayanlara da pis baxmıram. Amma biz Azərbaycandayıq. Tamaşaçı qəbul etdiyi görüntü ilə barışa bilməz, nə qədər peşəkar olsam da... Bundan əlavə, psixoloji cəhətdən ona heç vaxt hazır olmayacağam.
- Çox banal səslənsə də, niyə bizdə xaricilərdəki kimi kinolar çəkilmir?
- Səbəb çox dərindir, güclü ssenari və düzgün aktyor heyəti lazımdır. Həmçinin rejissorun peşəkarlığı və ən əsası maddiyyatdır. Bir dəfə peşəkar aktyorlarla birgə oturmuşduq. Soruşdum ki, “Uşaqlar, söhbət təkcə maddiyyat deyil. Sizə normalda verilən qonorarın 1/3-ni verib desələr ki, ssenari, rejissor mükəmməldir, çəkiliş üçün hər bir şərait qurulur, iş mükəmməl olacaq, siz bu qonorara razısınız?” Dedilər hə”. Əlbəttə, buna hamı razı olar, mən də əziyyətimi fəda verərəm.
.jpg)
Amma bu gün təklif olunan ssenariləri oxuyan kimi sonda ərsəyə gələn işin hansı səviyyədə olacağını bilirəm. Buna görə də mən niyə o qonorarın 2/3-dən vaz keçim? Heç kəs keçməz, düz də edirlər. Onsuz da ortaya heç bir halda sənət qoya bilməyəcəyik, ən azından pul qazanaq. İçimizdəki o potensialı çıxara biləcək bir ssenari yoxdur. Haradasa bir axsaqlıq olur, yaxşı ssenari olsa da. Bəlkə də var, biz yoxuq.
- Bir çox yaxşı layihələrdə yer almısınız. Bunlardan biri “Azərbaycan Atabəyləri” filmidir. Filmdə baş obraz Zabit Səmədovdur. Niyə “Atabəy” obrazını aktyor yox, idmançı canlandırırdı?
- Zabit Səmədovla bizim çox yaxşı dostluğumuz var. Aydın məsələdir ki, gözəl də idmançıdır. Ancaq filmdə danışıq, dialoqa yox, döyüş səhnələrinə üstünlük verilib. Zabit Səmədov döyüş səhnələri baxımından o işin öhdəsindən gəlməyi bacarıb. Bu filmin təşkilatçıları Türkiyənin çəkiliş qrupu idi. Lakin mövzu döyüşdən çox, hadisə üzərində qurulsaydı, peşəkar aktyorun çəkilməyi vacib idi. Amma indiki vəziyyətdə ərsəyə gələn işə baxsaq, işin altından çıxmağı bacarıb. Niyə çəkilməsi isə prodüserin və rejissorun seçimi idi. Zabit türk seriallarında oynadı deyə, yəqin ki, diqqəti üzərinə çəkdi, bu da bir biznesdir.

- Düşünürsünüz ki, “Atabəy” rolunda siz oynasanız, daha uğurlu olardı?
- Mənim orada döyüş səhnələrim var və mükəmməl formada icra olunub. Həmin çəkiliş qrupunun da tələblərini tam yerinə yetirdik. Kameraları görməsək belə, çox yaxşı oyun nümayiş etdirirdik, onlar da razı idi.
38-40 dərəcə isti, Gəncədə dağın ətəyində, üstəlik əynimizdəki geyimlər 15-20 kq... Zirehli geyimlərin hamısı təmiz gön dəridən idi, 8-10 saat o paltarda olurduq. Geyim dəri ilə təmasa girərək qaşınma verirdi, tərləyirdik.
.jpg)
- Bu yaxınlarda təqdimatı keçirilən “44” filminə baxmısınız, fikirləriniz necədir?
- Yox, hələ izləməmişəm. Qaldırılan mövzu çox gözəldir, orada mənim sənət dostlarım iştirak edir. İlqar Musayevlə teatrda bir çalışırıq, kadrları gördüm, İbrahim Çingiz də bizim dostumuzdur. Çox gözəl iş ortaya çıxarıblar. Qoy bu, böyük bir addım olsun, heç kəs tənqid etməsin, buna səbəb tapmaq asandır. Biri səliqəli geyinibsə, üstündə toz axtarırıq. Məncə, gözəl bir işdir.
- “Kaş hamı sevdiyi işdən pul qazana biləydi” fikrini səsləndirmisiniz. Sizdə belə olmayıb? Hazırkı gəlirinizdən razısınız?
- Açıq danışmaq lazımdır, mənim sənətə verdiyim sevgi, töhvə, əziyyət sənətin mənə bəxş etdiyindən qat-qat böyükdür. Aktyor gərək pulu düşünməsin. Gəlirimə şükür edirəm, amma təbii ki, razı deyiləm. Borcum yoxdursa, heç. Amma borcumun olmaması üçün nələrdən keçirəm, başqa mövzudur. Etiraf edim ki, gəlirim çəkdiyim əziyyəti qarşılamır...

- Əvəllər kliplərə tez-tez çəkilirdiniz. İndi də belə təkliflər gəlir?
- Təbii ki. Sonuncu dəfə 4-5 ay əvvəl müğənni Zeynəb Həsəninin klipində oynadım, çox da peşəkar iş oldu. Əslində, klip peşəkar aktyor üçün sənət deyil. Düzdür, ilk addım üçün əsasdır. Necə ki, 1999-cu ildə sənətkarımız Nazpəri Dostəliyevanın klipində oynamaq mənim üçün əhəmiyyətli oldu.
Heç bir müğənni inciməsin, bəzən elə adamlar tərəfindən, elə təkliflər gəlir ki, qəbul etsəm, göstərəcəyim performans məni aşağı salar. Mahnıya baxıram, o qədər bayağıdır ki, axı mən niyə orada olmalıyam? Həmin tip kliplərə aktyorluqdan xəbəri olmayan bir şəxsi də çəkə bilərsiniz. Görüntüsü yaraşıqlı olan o qədər insan var ki, çəkin onları. Amma məni reytinq üçün istəyirsinizsə, siz yığacaqsınız, məndə aşağı düşəcək. İmtina etdiyim təkliflər çox olub, müğənnilər eşitməsin (gülür).
.jpeg)
- Bir müddət əvvəl Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbəsi “TikTok” platformasında digər tələbələrə qarşı təhdidedici ifadələr işlətdiyinə görə universitetdən xaric edilmişdi. Sizcə, düzgün qərar idi?
- Problemin mənbəyinə enmək lazımdır. Bu hər halda anidən qaynaqlanan bir şey deyil. Yəqin ki, o tələbə xarakterini ətraf mühitə sərgiləyib. Bunun qarşısı onda alınmalı, xəbərdarlıq edilməli idi. Əgər olunubsa və bu insan öz xasiyyətindən vaz keçməyibsə, onda qərar tam doğrudur. Əgər göz yumulubsa, istedadlı adamdırsa, səhvdir. İstedadsızdırsa, univeristetdən çıxsa yaxşıdır, incəsənət istedadlı adam sevir.
- Atanızla bağlı danışaq. Nüsrət Kəsəmənlinin son anlarında yanında olmusunuz? Onunla keçirdiyiniz illəri necə xatırlayırsınız?
- Xəstəliyi anidən yarandı, hər şey il yarım ərzində baş verdi və bitdi. Xəstələnəndə onu Təbrizə apardıq, böyrəyi dəyişilməli idi. Onun yanına anamla birgə növbəli formada gedib-gəlirdik. Atamla birgə Təbrizdə xəstəxanada qalırdım və hər istədiyini edirdim, amma bunu özümə əziyyət kimi görmürdüm. Atamda bir xarakter var idi, onun üzr istədiyini eşitməmişəm. O deyirdi ki, “mən səhvlərimi də sevirəm”. Lakin mənə dedi ki, “oğlum bağışla, sənə əziyyət verirəm”. Borcum olan şeyi etdiyimə görə məndən üzr istəməsi çox təsirləndirdi.
Bu sözu düşünüb indi rahatlıq tapıram ki, məndən razı olub. Bakıya qayıtdım, anam getdi. Mən Bakıda olanda səhər saatlarında bu xəbəri aldım. Ən böyük faciə həyətimizdə çadırın qurulması idi. O vaxtı qapımı ilk döyən isə Dövlət Gömrük Komitəsi oldu, cənab nazirimiz Kəmaləddin Heydərovun işçiləri idi. Mənim Kəmaləddin Heydərovla şəxsi tanışlığım yox idi. Tək idim amma gələnlər yanımda oldu, çadırı da onlar qurdu, buna görə çox minnətdaram.
.jpg)
Daha sonra anamla danışdıq, dedi ki “gəlirik, atan da digər maşında”. Çox rahat danışırdı, sonra bildim ki, digər maşında atamın cənazəsindən xəbəri yoxdur. Atamın bir ifadəsi var idi ki, “futbolçu karyerasını vaxtında bitirməlidir, zədələnəndə yox”. Özü də elə getdi. Şimalda doğuldu, cənubda vəfat etdi...
- Sizcə, Nüsrət Kəsəmənliyə sağlığında lazımi dəyər verildi?
- Məncə, verildi. Sosial şəbəkələrin üstün olduğu bu dönəmdə xalq Nüsrət Kəsəmənlinin şeirlərini oxuyur. Gənc nəsil atamın poeziyasına müraciət edir. Dövlət tərəfindən də dəyər verildi. Kiril əlifbasından latın qrafikasına keçiləndə şeirlər toplusu çıxarıldı və Nüsrət Kəsəmənlinin şeirləri onlardan birincisi idi. Zəng edib dedilər ki, N. Kəsəmənlinin kitabı latın qrafikasına keçirilir, Prezidentimizin Sərəncamıdır. Bu, böyük dəyərdir.
- Atanız vəfat etdikdən sonra layiq olduğunuz bəzi qapıların bağlandığını demisiniz. Hansı qapıları nəzərdə tutursunuz?
- Əslində, mən dərs aldım. Atam sağlığında olduğu kimi, ölümü ilə də mənə dərs verdi. O, həyatda olanda millət yığılıb gəlirdi, rəhmətə gedəndən sonra həmin süfrədə çox az adam, əsl dostları qaldı.
- İndi o dostlardan kimlər qalıb?
- Təbii ki, Sabir Rüstəmxanlı, bəstəkarımız Cabbar Musayev, Zahid bəy atamın yaxın dostu idi, bu gün də maraqlanır, aktyorumuz Tarıyel Qasımov. Çoxdur, saymaqla bitməz. Mütəmadi olaraq zəng edib maraqlanırlar.
- Ananız Rəhilə xanım uzun illər BDU-nun Jurnalistika kafedrasında fəaliyyət göstərib.
- Yenə də orada çalışır, yaxşı ki, davam edir. Mən bir övlad kimi əlimdən gələni edirəm ki, üzü gülsün. Ona stimul verən həmin iş fəaliyyətindəki çevrəsidir.
.jpg)
- Rəhilə xanım atanızın ilk sevgisi Sevda xanım barədə bir neçə dəfə danışıb və onu anlayışla qarşılayıb, hətta Sevda xanım xəstə olduğu dönəmdə Nüsrət bəyə onu ziyarət etməsini tövsiyə edib. İndi qadınlar məsələlərə daha fərqli yanaşır.
- Bəli, həm də o dövrdə qız uşağının yetişdirmə forması belə idi. İndi bilirəm, qızlar məni qınayacaq, çünki zaman çox dəyişib. Xırda bir səhvdən qızlar tez ata evinə gedir, valideynlər də dayaq durur və bilmədən qadını bədbəxt edirlər. Düzdür, bəzi kişilər var ki, onunla yaşamaq olmaz. Axı, mənim atam elə olmayıb. Atamla indiki dönəmdə olan bir qadın yaşaya bilməzdi. Amma o, bütün qadınların içində deyə bilirdi ki, “mənim həyat yoldaşım üstündür”. Həmin xanımlar buna rəğmən atamın yanında durursa, günah özlərinindir.
N.Kəsəmənli həmişə anama maddi və mənəvi dəyər verirdi. O isə atama tək həyat yoldaşı yox, ana olub. Sonra deyirlər ki, niyə ana ilə həyat yoldaşını müqayisə edirsən? Necə? Mən xanımımla dalaşsam, o mənim qarşıma gətirib yemək qoymayacaq, üstüm açıq qalanda örtməyəcək. Amma ana ilə dalaşsan da, edər, onun yerini heç nə vermir.
(5).jpg)
- Müsahibələrinizin birində kişinin qadının qarşısında diz çökməməli olduğunu, bunu yalnız anasının qarşısında edə biləcəyini söyləmisiniz.
- Bəli, sonuna qədər deyirəm, kişi qadın qarşısında diz çökməli deyil, eynilə qadın da heç bir kişi qarşısında, atasından başqa... Söhbət əsl ana və ata olanlardan gedir. Niyə təşəkkürümüzü bildirmək üçün diz çökürük? Qadın bilməsə də, qarşısındakı kişi diz çöksə, şüuraltı olaraq onun gözündən düşəcək. Ananın qarşısında əyilməyimiz isə bizi ucaldar. Mənim fikrimi inkar edənlər bilmir ki, siz də bir anasınız, əri diz çökməyə məcbur etməyin.
- “Bəlkə min suçumu bilmisən mənim, birini üzümə vurmamısan heç”. Bu, atanızın “Etiraf” adlı şeirindən misralardır, ananız bu şeirlərdən çıxardığı nəticələri, keçirdiyi hissləri siz övladları ilə bölüşübmü?
- Ehtiyac olmayıb, gözümüzlə görmüşük. Anam deyirdi ki, “mənə “Etiraf” şeiri bəs edir, onu hər kişi edə bilməz”. Kişinin cəsarəti olmalıdır, gör nə qədər qadına daxili sevgisi varsa, onu ucaldır. O şeirdə qadını yüksək tutur, deyir “özüm öz gözümdən düşürəm axı”. Bəs deyilmi? Nüsrət Kəsəmənlinin sərbəst şeir yazmasında böyük dayaq Rəhilə idi...
.jpg)
- Bir müddət öncə qardaşınız oğlu Cavidan Kəsəmənli ilə bağlı paylaşım etmişdiniz, hətta o da cavab vermişdi. Münasibətinizdəki bu soyuqluğun səbəbi nə idi?
- Mən artıq elə adam tanımıram, bitdi. Vəssəlam!
- Üç övladınız var. Onlar da sizin yolunuzla gedir?
- Əslində, sahələri başqadır. İkisi kiçikdir, böyük qızım Zəhra isə bu il Tibb Universitetinə hazırlaşır. Onunla birgə həm maddi, həm mənəvi əziyyət çəkirəm. Onun əziyyətini gördükdə mən pis oluram. Digər qızım Əsmada isə sənətdən var, çox gözəl rəsm çəkir. Oğlum futbolla maraqlanır, bildiyiniz yeriyən futbol ensiklopediyasıdır. 11 yaşı var, ancaq futboldan hər şeyi bilir.
.jpg)
- Müasir dövrdə böyüyən uşaqlarla bağlı nə düşünürsünüz, sizin uşaqlığınızla onları fərqləndirən nədir?
- Biz daha dinamik idik, həyətdə futbol oynamaq üçün yalvarırdıq. İndikiləri məcbur evdən çıxarırsan. Biz futbolu cırıq topla oynayırdıq, indikilər hər şeyi komfortlu istəyir.
.jpg)
- Qadınların sizə tez-tez sevgi etirafı etdiyini bilirik. Bu sizin ailənizdə və ya özünüz üçün zamanla hər hansı problemə yol açıbmı?
- Mən bunu normal qəbul etmişəm, insanın içindəki duyğudur, səndə yoxdursa, cavab vermə. Təbii ki, gedib evdə demirəm ki, “xəbərin var, mənə sevgi etirafı ediblər”. Bunu demək kişiyə yaraşmaz, qadında qıcıq yaradar. Etiraf edənlər hazırda da var, aqressiv qarşılamıram, ixtiyarım da yoxdur. Sevginin həyasızlıq həddinə çatmağından danışmıram təbii ki.
-Yaşınıza görə çox gənc görünürsünüz. Bu tempi necə qoruyursunuz?
- Pis vərdişlərim, ümumiyyətlə, yoxdur, nifrət də etmişəm. İdmanla 15 yaşımdan məşğulam və mütəmadi olaraq hərəkət, düzgün qidalanma və stresdən uzaq qalmağa çalışıram. Amma stres özü gəlir məni tapır. Təbii ki, genetika da rol oynayır, özünü gənc saxlamağı bacarmalısan. Fridrix Nitsşenin gözəl bir sözü var, “Vaxtı unut, həmişə gənc qalarsan...”
Fidan Etibar
Foto-Video: Pərvin Zeynal
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi