Ərdoğanı Bakıya gətirən səbəb...
Türkiyə Cümhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi haqda qərarı doğru qərardır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:
"2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imzaladıqda, bu, rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşması anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi ortadan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı.
Bu dəfə də iki ölkə arasında gərginliyin ortadan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var".
Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal