Müəllimlərin maaş artımı ilə bağlı qayda dəyişir - İmtahan ayından hesablanma dayandırılır
Diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin əməkhaqqı artımının hesablanması ilə bağlı yeni məlumat yayılıb. Dəyişiklik müəllimlər arasında narazılığa səbəb ola biləcək məqamı gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, kuratorlara ünvanlanan məlumatda bildirilib ki, diaqnostik qiymətləndirmə və sertifikasiyada iştirak edən müəllimlərin əməkhaqqı artımları cari ay üzrə hesablanmayacaq. Qeyd olunub ki, müvafiq əmr hansı tarixdən qüvvəyə minərsə, artım da həmin tarixdən etibarən icra olunacaq.
Əvvəlki tətbiq qaydasına əsasən, müəllim sertifikasiya və ya diaqnostik qiymətləndirmə imtahanında uğur qazandığı halda əməkhaqqı artımı imtahanın keçirildiyi aydan hesablanırdı. Yeni məlumat isə artımın artıq imtahan tarixinə deyil, müvafiq əmrin qüvvəyə mindiyi tarixə əsasən hesablanacağına işarə edir.
Bu yanaşma müəllimlər üçün maliyyə baxımından fərq yarada bilər. Belə ki, imtahanda uğur qazandıqdan sonra əmrin verilməsini gözləyən müəllimlər əvvəlki aylara görə əməkhaqqı fərqini ala bilməyə bilərlər.
Müəllimlər arasında narazılıq doğuran əsas sual isə budur: İmtahanda uğur qazandığı tarixdən etibarən daha yüksək əməkhaqqı almaq hüququ qazanan müəllimin artımı niyə yalnız əmrin qüvvəyə mindiyi tarixdən hesablanmalıdır?
Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi açıqlaması və yeni tətbiq qaydasının hüquqi əsasları ilə bağlı əlavə izahatı gözlənilir.
“Ailəmdən 6 nəfər Xocalıda şəhid olub, amma mənə orada ev verilmir” - Milli Qəhrəmanın oğluna rəsmi cavab