Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığı ilə Dövlət Sərhəd Xidməti arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət etmişlər.

Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatmışdır.