Son günlər “Bolt”da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələb edirlər.

Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova BUTA.TV-a açıqlamasında bildirib ki, müştəriyə şirkət tərəfindən güzəşt verilir.

“Güzəşt veriləndə müştəridə və sürücüdə məbləğ fərqli görünür. Lakin o qiymət fərqini sürücüyə şirkət verir. Biz sərnişinə güzəşt ediriksə, o məbləği sürücüyə özümüz ödəyirik”, - o bildirib.

N.Kazımovanın sözlərinə görə, ola bilsin ki, bəzi sürücülər bunu bilmir və yaxud qəsdən edirlər:

“Bu halla rastlaşan sərnişinlər şirkətə müraciət edə bilərlər”.