AAAF Park sakinləri internet və kommunal xidmətlərlə bağlı narazılıq edir

Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri internet və kommunal xidmətlərlə bağlı problemlərdən şikayətlənirlər.

Sosial şəbəkədə yayılan paylaşımda AAAF Park ərazisində fəaliyyət göstərən Fibernet internet provayderinin xidmətindən narazılıq ifadə olunub. Paylaşım müəllifi bildirir ki, ərazidə digər internet provayderlərinin fəaliyyət göstərməsinə imkan verilmir və internet xidmətinin keyfiyyəti ilə bağlı problemlər yaşanır.

İddialara görə, internet xidmətinin ödənişi ilə bağlı da sakinlər üçün müəyyən çətinliklər mövcuddur. Paylaşımda ödənişlərin yalnız provayderin ofislərində və ya nağd şəkildə həyata keçirilməsinin mümkün olduğu, onlayn ödəniş imkanının olmadığı qeyd edilir.

Bundan başqa, AAAF Park yaşayış kompleksinin kommunal ofisində POS-terminalın olmadığı və ödənişlərin nağd və ya kartdan karta köçürmə yolu ilə qəbul edildiyi iddia olunur.

Paylaşımda həmçinin yaşayış kompleksində obyektlərin açılması, bəzi mənzillərin obyekt kimi satışa çıxarılması və digər dəyişikliklərlə bağlı narazılıqlar da ifadə edilib.

Qeyd edək ki, səsləndirilən fikirlər sosial şəbəkədə yayılan paylaşımda əks olunan iddialardır. Məsələ ilə bağlı Fibernet və AAAF Park rəhbərliyinin mövqeyi məlum deyil.