Azərbaycanda icra başçısı işçilərlə birgə daş daşıdı: “Hansısa reklama, şouya ehtiyacım yoxdur”

18:05 - 8 İyun 2024 - CƏMİYYƏT

 Azərbaycanda icra başçısı işçilərlə birgə daş daşıdı: “Hansısa reklama, şouya ehtiyacım yoxdur”

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin fəhlələrə kömək etməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. İstifadəçilər arasında müzakirəyə səbəb olan videonun şou olduğunu deyənlər olsa da, əksəriyyət icra başçısını bu hərəkətinə görə təqdir edib.

F.Əliyev “Qafqazinfo”ya açıqlamasında sözügedən videodan danışıb. O bildirib ki, ümumiyyətlə fəaliyyəti dövründə hansısa şouya ehtiyac duymayıb:

“22 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışmışam, onun 20 ilini nazir müavini olmuşam. Həmin videoya baxanda kiməsə elə gələ bilər ki, burda rola girilib. Amma məni kifayət qədər tanıyanlar var və bunun əsla belə olmadığını yaxşı bilirlər.

Nazirlikdə çalışdığım dövrlərdə ağacəkmə aksiyaları olanda da qalstuku çıxarıb, əlcək taxıb, fəhlədən əvvəl işə başlayırdım. Cənab Prezidentin dediyi kimi məmur xalqın xidmətçisidir. Bilirsiniz, vəzifə müvəqqəti şeydir, bu, sırf insani münasibətlərdən doğan məsələdir. Biz öz evimizi qururuq, yaradırıq. Dədə-babadan görmüşük ki, qonaq gəlməmiş ev səliqəyə salınar. Mənim etdiyim sırf bu məqsədlədir. İndi kimsə buna başqa cür don geyindirirsə, o qalıb onun öz vicdanına”.

İcra başçısı vəzifənin müvəqqəti olduğunu vurğulayıb: “Adam var vəzifə ona hörmət gətirir, adam da var, olan-qalan hörmətini də itir. Mənim həyat prinsipim budur, 60 yaşım var, hansısa reklama, şouya ehtiyacım yoxdur.

Biz hər şənbə-bazar iməcilik keçiririk. Qəbiristanlıqları, parkları səliqəyə salırıq. O qəbiristanlıqlarda bizim şəhidlərimiz uyuyur, əgər biz sağ ola-ola onların qədrini bilmiriksə, biz öləndən sonra bizə nə hörmət qoyacaqlar?

Mən bu cür tərbiyə görmüşəm, həyatı belə öyrənmişəm. Sadə insanlar da xoş münasibət, dəyişikliyi hiss etməlidirlər. Elə münasibət yaratmalıyıq ki, insanlar yaxınlaşıb dərdini deyə bilsin. Yolumu əvvəlki kimi davam etməsəydim, onda mən Firdovsi Əliyev olmazdım. Biz insanlar üçün varıq, ömür qısadır, bunu dəyərləndirməliyik. Cənab Prezident tərəfindən mənə fürsət verilibsə, o etimadı doğrultmalıyam, çünki başqa təvəqqəm də yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol