Türkiyə-Suriya münasibətləri 13 ilə yaxındır kəsilib. Son bir neçə aydır bu ölkələrin liderləri - Rəcəb Tayyib Ərdoğanla Bəşşar Əsədin birbaşa təkbətək görüşünə dair məsələ müzakirə olunur.
Türkiyə Prezidenti bu günlərdə bildirib ki, Bəşşar Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atarsa, ona eyni yanaşmanı göstərəcəklər: “Çünki dünənə qədər biz Suriya ilə düşmən deyildik. Əsədlə ailəvi görüşürdük”.
Ötən gün onların görüşünün detallarına dair xəbərlər yayılıb.
Bu qarşıdurmanın aradan qalxmasında İraq və Rusiya daha çox fəallıq göstərir. Rəcəb Tayyib Ərdoğan da müsahibəsində qeyd edib: “Biz hər yerdə vasitəçilikdən bəhs edirik, o zaman qonşumuzla bu niyə olmasın?!”
İki ölkə arasında gərginlik 2011-ci ildən, Suriyada vətəndaş müharibəsi başlayandan pozulub.
Ankara iddia edib ki, rəsmi Dəməşq PKK terror qruplaşmasından Türkiyəyə qarşı istifadə edir. Qarşı tərəf isə bildirir ki, Türkiyə Suriyadakı müxalifəti dəstəkləyir. Rəsmi Dəməşq Ankaradan ölkəsinin şimalındakı hərbi qüvvələrini geri çəkməsini tələb edir. Bu, onların Türkiyə ilə münasibətlərinin normallaşma prosesi üçün başlıca şərtdir.
Rusiyanın vasitəçiliyi nəticəsində Bəşşar Əsəd də Türkiyə ilə əlaqələrin istənilən formasına açıq olduqlarını bildirmişdi.
İndi isə əsas məsələ Ərdoğan-Əsəd görüşünün vaxtı və yeri ilə bağlıdır. Məlumatlara əsasən, bu görüş avqustda Rusiyanın paytaxtı Moskvada, İraqın Bağdad şəhərində, yaxud Türkiyə-Suriya sərhədindəki Kesep qapısında keçirilə bilər. Odur ki, görüş Moskvada keçirilərsə, Prezident Vladimir Putin, Bağdadda belə bir tədbir reallaşarsa, İraqın baş naziri Şiya Sudani vasitəçi və ya moderator ola bilər.
Türkiyə beynəlxalq səviyyədə belə görüşlərin keçirilməsinə vasitəçilik etdiyindən, birbaşa, ikitərəfli dialoq üçün Ankara və Dəməşq razılıq verdiklərindən tədbirin Kesep sərhəd qapısından reallaşması ehtimalı daha böyükdür.
Türkiyə və Suriya liderləri arasında təmas olmasa da, hər iki ölkənin kəşfiyyat və xüsusi xidmət orqanlarının başçıları ötən illər ərzində dəfələrlə görüşüblər.
1998-2011-ci illər Türkiyə-Suriya münasibətlərinin ən faydalı dövrü sayılır.
Rusiya və İraq Ərdoğan-Əsəd görüşünün baş tutumasında maraqlı olub vasitəçilik etdikləri halda ABŞ və İran hakimiyyəti buna mane olmağa çalışırlar. Bunun da bəlli səbəbləri var. Çünki Ağ ev Bəşşar Əsədin legitimliyini tanımır, onu “cinayətkar rejimin başçısı” sayır, hətta Əsədin İraqın edam olunmuş prezidenti Səddam Hüseyn kimi, mühakiməsini tələb edir.
Bundan başqa, ABŞ Suriyadakı PKK terror qruplaşmasının YPG-PYD qollarını müdafiə, hərbi texnika və avadanlıqlarla təchiz edir. Rəsmi Vaşinqtonun dəstəyi ilə bu qruplaşma Suriyada yerli seçkilər keçirməyə belə hazırlaşır. Onlar Suriyanın şimalında, nəzarət etdikləri ərazilərdə Bəşşar Əsədin keçirdiyi parlament seçkilərini boykot ediblər. Bu isə Suriyanın bölünməsi, yaxud onun İraqa oxşar inzibati ərazi vahidinə bölünməsinin dəstəklənməsi deməkdir. İraqın şimalında kürdlərə muxtariyyət verilib. İlkin mərhələdə Suriyada da buna nail olduqdan sonra növbəti addımda hər iki ölkənin şimalının birləşmə tələbi ilə referendumun keçirilməsidir. Bu prosesin nəticəsi isə “müstəqil iki şimalın birləşməsindən ibarət kürd dövlətinin” yaranmasıdır. Sonrakı dövrlərdə isə hədəfdə İran və Türkiyənin olduğu iddia olunur.
Türkiyə Suriya ərazisində istənilən dövlət quruluşunun yaranmasına qarşı çıxır. ABŞ-nin yardım etdiyi PKK/YPG-PYD qruplaşmasının terror təhdidləri, təhlükələrin qarşısını almaq məqsədi ilə Türkiyə Suriyaya hərbi qüvvələr yeridib.
Odur ki, Vaşinqton Ankaranın bu ölkə ilə bağlı addımlarını məqbul saymır. Hətta Türkiyəyə qarşı sanksiyalar belə tətbiq edib. Bu, Ağ evin NATO-dakı müttəfiqinə hörmətsizlik kimi də dəyərləndirilir. Türkiyənin ABŞ-ni terrorçunu deyil, dövləti müdafiə etməyə çağırışları isə hələ də reallaşmayıb. Amerika davamlı şəkildə Suriyadakı PKK/YPG-PYD qruplaşmasına yardımı davam etdirir.
Bəşşar Əsədin Rusiya və İranla münasibətləri yüksək səviyyədə olduğundan ABŞ onun legitmliyini də qəbul etmir. Ona görə də Ştatlar bu görüşün baş tutmaması üçün imkanlarından istifadə edir.
İran hakimiyyətinin hədəfləri bir qədər fərqlidir. Çünki Türkiyə-Suriya əlaqələrinin bərpası Tehranın Dəməşqə təsirinin azalmasına səbəb ola bilər. Bu isə Suriyada İranın hərbi bazalarına belə təsirsiz ötüşməz. Belə bir şəraitdə isə Tehran hakimiyyətinin bu ölkə ərazisindən İsrailə qarşı istifadə etmək imkanları məhdudlaşar.
Hadisələr və baş verənlər koalisiya qüvvələrinin Səddam Hüseyn kimi Bəşşar Əsədi də devirməyə nail olmadığını təsdiqləyir. O da məlum olur ki, Qərbin Suriyaya girməkdə əsas hədəfi neft quyularına nəzarət edib, həmin bölgələri kürd etnik qrupunun silahlılarına tapşırmaqdan ibarət olub. İndi isə orada yeni “dövlət quruluşu” yaratmaq üçün işlər görülür. Əsədin devrilməsinə və mühakiməsinə nail olunmayıbsa, deməli, Suriya dövləti, zəif də olsa, mövcuddur, onun BMT-də təmsilçisi də fəaliyyət göstərir.
Ərdoğan-Əsəd görüşünün iki ölkəyə və regiona nə kimi faydası ola bilər?
- Türkiyə-Suriya arasında əlaqələri genişlənər. Türkiyə bu ölkənin bazarında yenidən öz nüfuzunu bərpa edər;
- Suriyanın ərazi bütövlüyünün qorunması istiqamətində birgə fəaliyyət göstərmək olar;
- ərəb dünyası ilə münasibətlərə təsir göstərər;
- Türkiyədəki Suriyadan olan qaçqınların dönməsi prosesinə təkan verər;
- PKK kimi terror qruplaşmasına qarşı birgə mübarizəyə nail olmaq imkanları artar;
- Regiondan kənar qüvvələrin Türkiyə-Suriya əlaqələrinə nüfuzu azalar.
- Türkiyə ilə Suriya arasında yaxınlaşma rəsmi Ankaranın antiterror əməliyyatına dəstək verər və s.
Bu proses rəsmi Ankaranın region problemləri ilə Şərq blokuna meyillənməsi ilə də nəticələnə bilər. Onsuz da Türkiyə Astana görüşü çərçivəsində Rusiya və İranla birlikdə Suriyada vəziyyətin nizamlanması istiqamətində fəaliyyət göstərib. Bu mövqedə Ankaranın Əsədlə birbaşa təması çatışmırdı.
Ərdoğan-Əsəd görüşü regional məsələlərə münasibətdə qruplaşmaları tamamlaya bilər...
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır