Qaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"BUTA.TV" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malik, tarix üzrə fəlsəfə doktorudur.
O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə hüquq üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini başa vurub.
Təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə yanaşı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasında iştirak edib və idarəetmə heyətində təmsil olunub. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.
İngilis, rus, alman və türk dillərini bilir.
70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı