Xəbər verdiyimiz kimi, aktyor Əlvan Fərmanoğlunun "Məlhəm" hospitalında həkim səhlənkarlığı səbəbilə sağ ayağının amputasiya olunması barədə görüntülər yayılıb.
Kult.az xəbər verir ki, aktyorun qardaşı oğlu Fərman Abdullayevin Oxu.az-a açıqlamasında “Məlhəm" hospitalında angioqrafiya (anju) prosesi zamanı Ə.Fərmanoğlunun sağ ayağının damarının zədələndiyini bildirib.
"Həkim qanaxmanın qarşısını almaq üçün dizdən yuxarı hissəni sıxıcı sarğı vasitəsilə bağlayıb və üç gün müddətində açmamağı tapşırıb. Beləliklə onun ayağındakı sarğı üç gün açılmayıb. Onun şəkər xəstəsi olması və qanın işləməməsi səbəbindən aktyorun sağ ayağı qanqren olub. Nəticədə ayaq amputasiya edilib.
Biz ayağın qanqren olması səbəbi ilə "Məlhəm" hospitalına müraciət etdik. Anju prosesini həyata keçirən həkim bizə bunun altı aya düzələcəyini deyərək bir növ yola verdi. Daha sonra ona bir neçə dənə ağrıkəsici vurdular. Əmimi evə gətirdim. Sonra vəziyyətinin yenidən pisləşməsi səbəb ilə həkimə apardıq. Bizə dedilər ki, xəstəni təcili Bakıya çatdırmaq lazımdır".
F.Abdullayevin sözlərinə görə, aktyorun qanqren olması səbəbindən zəhərlənmə verdiyi üçün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində bir gün komada olub. Xəstə komadan ayılandan sonra 11 gün reanimasiyada qalıb:
“Nəhayət 11 gündən sonra başqa tibbi müdaxilənin mümkünsüz olduğunu anladıqda elə həmin Mərkəzdə əmimin ayağı tam amputasiya olundu".
Xəstənin qohumu "Məlhəm" hospitalını səhlənkarlıqda günahlandırır:
"Biz onlara müraciət etdik. Lakin onlar demədilər ki, bu sarğının şəkər xəstəliyi olan insanın ayağında çox qalması problem yarada bilər. Ayağın qanqren olub zəhərlənmə verməsinə baxmayaraq, heç bir müdaxilə etmək istəmədilər, yaxud başqa bir yol göstərmədilər".
"Məlhəm" hospitaldan isə bildirilib ki, xəstənin angioqrafiyadan sonrakı müraciətlərində hər hansı bir cərrahi müdaxiləyə ehtiyac olmayıb:
"Aktyorun fərqli tarixlərdə hər iki ayağına tıxanmış ayaq damarlarına stend taxılması proseduru icra olunub. Prosedurdan sonra xəstə kafi vəziyyətdə evə buraxılıb. Xəstədə prosedur zamanı və prosedur sonrası fəsad və ağırlaşma qeydə alınmayıb. Təyinat üzrə dərman müalicəsinin vacibliyi vurğulanıb. Bildiyimiz kimi, şəkər xəstələri belə damaraçma prosedurlarından sonra ciddi pəhriz gözləməli, siqaret və s. zərərli vərdişlərdən imtina etməli, dərman təyinatlarına ciddi riayət etməlidir. Bir müddət sonra isə şəxsə sağ aşağı ətrafın amputasiya əməliyyatı olunub. Bu əməliyyatın bizim klinikamızda olunması xəbərləri isə əsassızdır".
Sözügedən hospital məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib:
"Hospitalımızın səhlənkarlığa yol verməklə ittiham olunması təqsirsizlik prezumpsiyanın pozulması ilə yanaşı, həqiqətə uyğun olmayan, yalan xarakterli və hər hansı sübutla təsdiq olunmayan məlumatlardır. Yalan xarakterli məlumatlar yayan şəxslər ilə əlaqədar məhkəməyə müraciət olunması üçün zəruri prosedurların icrasına başlanıb".
Səhiyyə Nazirliyindən bildirilib ki, vətəndaşlar belə hallar barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, yaxud hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməlidirlər:
"Özəl tibb müəssisəsi olduğundan konkret faktlarla bağlı, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində həyata keçirilməsi mümkündür".
Qeyd olunan faktla əlaqədar isə bildirilib ki, belə halların məhkəmə-tibbi ekspertiza tərəfindən qiymətləndirilməsi zəruridir:
"İcra olunan əməliyyatın mənfi nəticələri və ağırlaşmaları, sağlamlıqda yaranan problemlər, dəyən maddi zərərə görə qanunvericilikdə həm tibbi xidmət göstərilən müəssisə, həm də tibbi yardım göstərən tibb mütəxəssisləri üçün müvafiq məsuliyyət nəzərdə tutulub".
Qeyd edək ki, aktyorun qardaşı Fərman Abdullayev məsələ ilə bağlı bu gün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edəcəyini bildirib.
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video