Son zamanlar hərbi xidmət müddətinin təhsil pilləsindən asılı olaraq dəyişdirilməsi məsələsi aktualdır. Daha dəqiq desək, bakalavr pilləsini bitirmiş çağırışçıların 1 illik hərbi xidmət keçdiyi halda, magistr pilləsi bitirənlərin 6 ay xidmətə cəlb olunması təklif edilir.
Təbii ki, bu hələki cəmiyyətdə müzakirə edilməkdədir, ancaq ötən parlamentdə də hərbi xidmətlə bağlı qanunvericiliyin dəyişdirilməsi istiqamətində təkliflər verilmişdi. Lakin insanların bu mövzuda mövqeyi birmənalı deyil. Bəzi hərbçilər düşünür ki, peşəkar ordu modeli üçün ən başlıca resurs onsuz da 18 ay xidmət edən çağırışçılardır. Yəni onların icbari xidmət müddətindən sonra müqavilə əsasında müddətdən artıq xidmət etməyə daha çox istəyi olur.
Bəs görəsən, çağırışçıların hərbi xidmət müddəti ilə əlaqədar kateqorik dəyişikliyə ehtiyac varmı?
Mövzu ilə bağlı danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətlə bağlı qanunvericilikdə ciddi problemlər var:
“Ümumiyyətlə son vaxtlar bəziləri gündəmə gəlmək üçün belə fikirlər səsləndirir. Nədənsə, bu yoldaşlar hələ də başa düşmürlər ki, hərbi sahədə görüləsi bir çox işlər var, həmin işlər görülsə bu cür mövzuların müzakirəsinə heç ehtiyac da qalmaz. Əgər insan həyatda özünə elm, təhsil yolunu seçibsə, ona mütləq şərait yaradılmalıdır. Qanunlar çərçivəsində həmin şəxs hərbi xidmət də keçə bilər, amma daha çox elmlə, təhsillə öz xalqına, dövlətinə xeyir verər. İndi özünü ekspert adlandıranlar başlayıblar boş-boş danışmağa. Bunlar sadəcə qeyri-ciddi müzakirələrdi. Hərbi sahədə o qədər qanunvericilik təkmilləşdirilməlidir ki, bunlar edilsə, bu kimi müzakirələrə də ehtiyac qalmaz. Bu gün gənclərimiz var ki, yüksək bal toplayıb və gələcəyin alimi, peşəkar mütəxəssisi olmaq istəyir. Bizim qanunvericilik onlara bu imkanı yaratmır”.
Polkovnikin fikrincə, hərbi xidmətlə bağlı Türkiyə modelinin tətbiqi çox yaxşı olardı:
“Bunun üçün Elm və Təhsil Nazirliyi, hərbi kommisarlıqlar, yerli bələdiyyələr, icra strukturları qarşılıqlı işləməlidir. Hərbi hissələrdə ali təhsilli, savadlı hərbi qulluqçular üçün kitabxanalar olmalı, dərs vəsaitlərini əldə etmək üçün şərait yaradılmalıdır. Hansısa ali təhsilli bir gənci 6 ay və ya elə 1 il hərbi xidmətə cəlb edən zaman, o, istər-istəməz öyrəndiyi informasiyalardan, əldə etdiyi peşə vərdişlərindən uzaq qalır. Bu müddət elmlə məşğul olan adam üçün cəzadır. Düşünürəm ki, bu istiqamətdə Türkiyə nümunəsini əsas götürüb, köklü dəyişiklik aparılmalıdır. Bizim parlamentdə “Təhsil haqqında” qanunu 8 il müzakirə etdilər. Halbuki təhsil bir millətin gələcəyidir. Əgər vacib bir qanunu bu qədər müzakirə etdilərsə, deməli, xalqın gələcəyini düşünmürlər”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir