İsrailin İrana endirdiyi zərbələrlə yenə Türkiyədə Azərbaycan gündəmə gəlib: Azərbaycan-İsrail münasibətləri, azərbaycanlıların israilliləri müdafiə etməsi, neft satması, sosial şəbəkələrdə azərbaycanlıların İsraili dəstəkləməsi Türkiyə kanallarının və sosial mediasının əsas müzakirəsinə çevrilib.
Bu azmış kimi, “təbrizli bloger” olduğu deyilən gözəl-göyçək bir oğlancıq da Azərbaycana ağız atır ki, İlham Əliyev İsrailin əleyhinə niyə bir söz demir! – halbuki Azərbaycan islam ölkələrinin birgə bəyanatına imza atıb və mövqeyi də bəllidir! Bu göyçək oğlan İranın strateji müttəfiqi, silahlarını Ermənistana ötürdüyü, iri layihələr həyata keçirdiyi Hindistanın İsrail əleyhinə bir cümlə niyə demədiyini dilinə, ağzına almır, ancaq Bakını tənqid etmək üçün fürsət axtarır – bəllidir, hətta bu gərginlikdə belə Azərbaycana qarşı təbliğatına ara vermir!
Türkiyə mediasının tanınmış isimləri Azərbaycanın və yaxud azərbaycanlıların mövqeyini müdafiə edirlər və bu təxribatçı müzakirələrin iki qardaş arasında nifaq yaratmaq istəyi olduğunu izah etməyə çalışırlar. Sağ olsunlar! Ancaq ötən gün sosial şəbəkələrdə qarşımıza çıxan debatlardan belə məlum oldu ki, türkiyəli ziyalılar, xüsusilə bu müzakirələrin qəsd olduğunu tam yəqinliyi ilə bilən peşəkar media mənsubları və ya alimlər azərbaycanlıların mövqeyini müdafiə edərkən yanlış arqumentlərdən istifadə edirlər. Məsələn, “Boraltan körpüsü faciəsi” (Türkiyəyə sığınan azərbaycanlı ziyalıların sovetlərə təhvil verilməsi və sovetlərin elə körpünün başındaca onları qətlə yetirməsi olayı) və yaxud Elçibəyin “Xocalı faciəsinin qarşısını almaq üçün Süleyman Dəmirəldən iki mülki helikopter istəməsi və Türkiyənin bunu verməməsi” kimi arqumentlər gətirilir.
Əvvəla, Elçibəy Xocalı faciəsi deyil, Kəlbəcərin işğalı zamanı əhalini xilas etmək üçün mülki helikopter istəmişdi; ikincisi, indiki məqamda azərbaycanlıların mövqeyini müdafiə etmək üçün türkiyəli aydınların bu arqumentləri elə yanlış təsəvvür yaradır ki, guya biz Türkiyə və türkiyəlilərin etdiklərinə görə İsraili dəstəkləyirik!
Tamamilə yanlış yanaşmadır: Türkiyə bizim canımız-qanımızdır, “onun edə bildikləri və ya hansısa zamanda gücünün çatmadıqları” bizim Türkiyəyə qarşı münasibətimizə təsir etməz!
Azərbaycanlıların hazırkı mövqeyinin minlərlə səbəbi var:
- İran 1990-cı illərdən başlayaraq, Azərbaycan torpaqlarının işğalına birmənalı dəstək verib;
- Şuşa məhz İranın “vasitəçilik səyləri” ilə, Azərbaycanın başının altına yastıq qoyularaq işğal edilib və Tehran Ermənistana bu işdə birbaşa yardım edib;
- Yaxın Şərqdə İranın maraqlarının qətiyyətli müdafiəçisi, “əfsanəvi general” olaraq tanınan və 2020-ci ildə ABŞ-ın zərbələri ilə məhv edilən Qasım Süleymani 1991-92-ci illərdə erməni terrorçularla dəfələrlə Qarabağda görüşüb, təlimatlar verib – fotosübutlara qədər var!
- İran Azərbaycanın neft sazişlərinin uğursuz olması üçün hər yola əl atıb və BP-nin fəaliyyətinə əngəl olmağa çalışıb – 2000-ci ildə Azərbaycanın su sərhəd dirəyini çıxarıb tullayan, gəmilərlə su sərhədimizi pozan, qırıcılarını Cəlilabad və Xəzər üzərindən Bakıya qədər göndərən İran idi: Türkiyə məhz həmin vaxt Azərbaycana hərbi kater bağışladı, hərbçilərini də o katerdən “istifadəni öyrətmək üçün” Azərbaycana göndərdi; ardınca isə türk şahinləri Bakıda bölgənin taleyini dəyişən və İranı yerində oturmağa məcbur edən məşhur və məlum şou keçirdi!
- Məhz İranın sayəsində Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı – çünki Ermənistanı siyasi-iqtisadi baxımdan dəstəkləyən İrandır; İranın dəstəyi olmasa, Ermənistan iqtisadi blokadada boğulardı və işğaldan əl çəkərdi;
- Azərbaycan torpaqları işğalda olduğu vaxtda İran bircə dəfə də olsun “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan işğalı bitməlidir” deməyib – halbuki 1 milyon “şiə-müsəlman” qardaşı qaçqın-köçkün düşüb, onminlərlə “şiə-müsəlman qardaşı” qətliama məruz qalıb;
30 ildə İranın etdikləri saymaqla bitməz – ancaq 5 il öncəni yada salmaq zəruridir:
- Məhz İran ordusu 44 günlük savaşda Azərbaycanın sürətlə irəliləyən bölmələrinin qarşısını kəsərək, ordumuzun hərəkətinə imkan verməmiş, Arazın bu tayındakı halal torpağımızı guya “mübahisələndirməklə”, tam bir sutka müzakirələr açmış, nəticədə pərakəndə şəkildə qaçan Ermənistan ordusunun toparlanmasına şərait yaratmışdı;
- 44 günlük müharibə vaxtı Rusiyadan göndərilən silah-sursat məhz İran üzərindən Ermənistana çatdırılırdı – Gürcüstan hava məkanını hərbi təyyarələr üçün bağlamışdı;
- Məhz 44 günlük müharibədən dərhal sonra İran Azərbaycanın Xankəndi şəhərindəki erməni separatçılara yük maşınları ilə silah və yanacaq daşıyırdı;
- Məhz İran 2020-ci ilin dekabrında Ermənistana 6 milyon dollarlıq raket və PUA bağışladı – satmadı, bağışladı, hədiyyə etdi və onlardan istifadə üçün hərbçilərini Ermənistana göndərdi!
- Məhz İran “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyib, bunu yerdə sübut etmək üçün müstəqillik tarixində ilk dəfə Azərbaycan sərhədinə çoxminlik ordu yığıb, günlərlə davam edən təlim keçirdi, həm də iki dəfə. Bu təlimlərdə “Araz üzərindən sürətli keçmə” məşqləri edildi – Azərbaycanı hədələmək idi bu!
- 30 ildə bircə dəfə Ermənistanı işğalçı siyasətinə görə sözdə olsa belə qınamayan İran Azərbaycana qarşı dərhal hərəkətə keçdi!
- Məhz İran Ermənistanın sürətli silahlanması üçün Hindistandan aldığı silahları həvəslə bu ölkəyə ötürür və s.
İranın etdikləri bitmir ki: 40 milyonluq soydaşımızın heç bir hüququ yox, 200 minlik erməninin onlarla məktəbi var, amma azərbaycanlıların ana dilində təhsil almasına imkan vermir; azərbaycanlılar türk adlarını övladlarına qoya bilmirlər; beyinləri yuyulur, daimi qorxu içindədirlər...
İran – bu “müsəlman təəssübkeşi” olduğunu iddia edən ölkə Xocalı qətliamı ilə müsəlmanların qətlə yetirilməsinə bircə dəfə etiraz etməyib; Qarabağda məscidlərin yerlə-yeksan edilməsinə, Ağdamda məsciddə donuz saxlanılmasına rəvac verib və bu vəhşilikləri törədən Ermənistanın yanında olub!
Azərbaycanı 90-cı illərdə mükəmməl zəkaya malik bir insan idarə edirdi: o, hakimiyyətə gələn kimi İrana səfər də etdi, sözünü də dedi, danışıqlar da apardı, münasibətləri ən yüksək səviyyəyə qaldırmaq istədi – alinmadı, imtina edildi, istəyi qarşılanmadı, Ermənistanı işğaldan çəkindirmək üçün Tehran təşəbbüs belə göstərmədi, əvəzində Ermənistana yardımı artırdı!
Bu mükəmməl siyasətçi isə İranın bu qədər xəyanətkar, antihumanist, antiinsani, antimüsəlman, işğalçı siyasətinin qarşısını almağın yolunu tapdı – düşmən olduğunu sübut edən İranın düşməni dostumuza çevrildi!
İsrail silah da verdi, siyasi dəstək də, lobbiçiliyimizi də etdi... Pulumuzu da artıqlaması ilə aldı (yəhudi ola, iş görə və pul almaya?). İsrail Azərbaycanın düşmənlərə qarşı siyasətində söykəndiyi əsas dayaqlardan oldu və ona vəfa borcumuz yarandı!
...Azərbaycan mətbəxindən tutmuş adət-ənənəsinə, musiqisinə kimi, İran qədər heç bir ölkəyə yaxın-doğma deyil! Bütövlükdə bu coğrafiyada bütün mədəniyyəti farslarla birgə yaratmışıq uzun əsrlər. Hər şey başqa cür ola bilərdi - əgər İran 30 il Azərbaycan əleyhinə siyasət yeritməsəydi!
İran guya Azərbaycanın İsraili “dost” görməsi səbəbindən daim narahatlığını ifadə edir. İsrailin bölgəyə yerləşməsinin səbəbi kimdir? Niyə Azərbaycan İsrailin illərlə uzatdığı əlini nəhayət tutmağa razı oldu? Çünki İran düşmənə, işğala dəstək verməklə, antiazərbaycan siyasəti ilə Bakını buna məcbur etdi!
Yeri gəlmişkən, İsrailin Azərbaycana xoş münasibətində səbəblərdən biri də 90-cı illərdə Azərbaycandan köçüb gedən yəhudilərin bizim təbii lobbimizə çevrilmələridir. Çünki onlar Azərbaycanda heç vaxt ayrı-seçkilik görməyiblər: azərbaycanlılar – yeni Azərbaycan türkləri bu ölkədə yaşayanların hamısını doğma sayır, bizdə dostluq “hansı millətdənsən” şüarı üstündə qurulmayıb!
İzah edə bildikmi?
Azərbaycanda “İsrail sevgisi” yoxdur, “İranın etdiklərindən qəzəb” var və bu qəzəb 3-5 il və yaxud Pezeşkianın bir səfəri ilə keçməz!
İranda savaş olmamalıdır; hazırkı vəziyyət ən ciddi şəkildə bizi narahat edir!
Əziz türk doğmalarımız, siz elə sanırsınız ki, İrandan siz narahatsınız, biz yox? Sizin İranda 40 milyon “azərbaycanlı qardaşınız” var, biz isə özümüz ordayıq – İrandakılar qardaşımız deyil, bizik! Onların birinin burnu qanayanda ürəyimiz parçalanır – lap o gözəl-göyçək “təbrizli bloger”, beyni yuyulmuşlar olsa da!
İranda savaş qızışsa, humanitar fəlakət yaşansa, siz qardaşlarınıza sərhədi bağlaya bilərsiniz, amma biz bacarmayacağıq – çünki qardaşlarımız deyil, özümüzük!
Açsaq nə olacaq? Azərbaycan Respublikası bu yükü qaldıra biləcəkmi?
Məsələ siz düşündüyünüz kimi sadə deyil. Ona görə də “azərbaycanlılar israillilərə dəstək verir” kimi düşmən dəyirmanına su tökən tezisləri yığışdırın!
- Bakıda tikntinin istinad divarı çökdü- Sakinlər təhlükədə
- Mahmud Əhmədinejat Tehranda güllələndi
- Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani
- Zəngəzur dəhlizini unudun... - Simonyan
- Peskov Azərbaycana təşəkkür etdi
- “Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq
- Bakıdan Təl-Əvivə mesaj: Buranı vurmayın
- Daha bir general öldü: İsrail onu da aradan götürsə...