“Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi

18:38 - 13 Noyabr 2025 - CƏMİYYƏT

 “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi

“Aparılan təhlilər və tədqiqatlar göstərir ki, şagird sayı az olan məktəblərdə tədris göstəricisi o qədər də yaxşı deyil. Hazırda bu göstəricilər buraxılış və qəbul nəticələrinə uyğun olaraq hesablanır. Statistikaya əsasən, Dövlət İmtahan Mərkəzinin qeyd olunan imtahanlarında ucqar kənd məktəblərinin nəticələri o qədər də qənaətbəxş olmur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun fikrincə, amma bu göstəricilər həmin məktəblərin bağlanması üçün əsas olmamalıdır: “Əksinə, alternativ yollar araşdırılmalıdır. Hər bir kənd məktəbi bir növ mədəniyyət mərkəzi rolunu oynayır. Həmin məktəblər insanların kəndə bağlılığını təmin edən əsas vasitələrdən biridir. Hazırda şagird sayı az olan məktəblər əsasən Quba, Qusar, Lerik kimi rayonlarda yerləşir. Bəzi kəndlərdə cəmi 5-6 ev qalıb. Əgər bu məktəblər bağlansa, həmin kəndlər tam boşalacaq”.

Kamran Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli avtobuslarının təşkili ilə problemi həll etməyə çalışsa da, bu, ucqar ərazilərdə mümkün deyil:

“Çünki həmin bölgələrin nəqliyyat infrastrukturu zəifdir. Qusarın və ya Lerikin dağ kəndlərində qış aylarında nəqliyyatın hərəkəti mümkünsüz olur. Təhsil sahəsinə kifayət qədər vəsait ayrılsa da, dağlıq və dağətəyi ərazilərdə məktəblərin bağlanması düzgün addım deyil. Biz yalnız imtahan üçün deyil, vətəndaş yetişdirmək üçün çalışmalıyıq”.

Ekspert bildirib ki, bəzi cənub bölgələrində bağlanan məktəblərin köçürülmə prosesi hələ də yekunlaşmayıb:

“Davamiyyətlə bağlı da çətinliklər qalır. Nazirlik düşünür ki, 10 şagirdi olan məktəblə 200 şagirdi olan məktəbə eyni məbləğdə vəsait ayrılır. Amma dövlətin öhdəliyi var və təhsilə ayrılan maliyyə vəsaitinin çoxluğundan çəkinmək olmaz. Necə ki, futbol üçün vəsait ayrılır, amma nəticə yoxdur. Əsas məqsəd savadlı, cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirmək olmalıdır”.

Kamran Əsədov həmçinin əlavə edib ki, şagird sayı az olan məktəblərin bağlanması əvəzinə onların maddi-texniki bazası gücləndirilməli, savadlı müəllimlər yüksək maaşla həmin məktəblərə cəlb edilməlidir:

“Bu, həm tədrisin keyfiyyətini artırar, həm də bölgələrin boşalmasının qarşısını alar. Musiqi, idman və təsviri incəsənət fənləri üzrə qabiliyyətlər məktəbdən deyil, fərdi bacarıqlardan qaynaqlanır. Bilik və bacarıq fərqlidir, biz isə ilk növbədə şagirdlərə bilik verməyi bacarmalıyıq”.

Qeyd edək ki, Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. O həmçinin əlavə edib: “Bütün məktəbdə 10 nəfər şagird, hər sinifdə isə 2 şagird varsa, ona necə musiqi dərsi keçək, xorda oxumağı, kollektiv oyunu necə öyrədək? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda 20 nəfərin işi olur. Amma bizim işimiz təhsilin keyfiyyətini qaldırmaqdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol