Ukraynanın ağır zərbəsi Rusiyanı şoka saldı

12:24 - 5 Yanvar 2023 - GÜNDƏM

 Ukraynanın ağır zərbəsi Rusiyanı şoka saldı

Yeni il gecəsi Ukraynanın işğal altında olan Donetsk vilayətinin Makeyevka şəhərində Rusiya ordusunun ağır itkilər verməsini artıq ölkənin Müdafiə Nazirliyi də təsdiq edib. Bir o fərqlə ki, Ukrayna ordusunun 400 nəfərədək hərbçinin öldürülməsi iddiasına qarşı Rusiya tərəfi ölənlərin sayının 89 nəfər olduğunu bildirir.

BUTA.TV xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspert hücumun hansı şəraitdə baş verməsindən danışıb:

“Hadisə belə olub. Rusiya ordusuna səfərbər olunanlardan 600-dək hərbçi Makeyevkadakı texniki-peşə məktəbinin binasına yerləşdirilib və Yeni il gecəsi Ukrayna ordusu həmin binanı M142 HİMARS sistemlərindən atəşə tutub. Nəticədə bina yerlə-yeksan olub və hələ də dağıntılar altından ölənlərin nəşi çıxarılmaqdadır. Verilən məlumatlarda bu da göstərilir ki, binaya dörd reaktiv mərmi düşüb”.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Ərəstun Oruclu itkilərdə Rusiya hərbi komandanlığının ciddi səhvləri olduğunu vurğulayıb:

“Partlayışın belə dağıdıcı olmasının səbəbi təkcə həmin dörd mərmi deyil. Belə ki, Rusiya ordusunun komandanlığı binanın yaxınlığında döyüş texnikasını da yerləşdiribmiş və zərbə nəticəsində həmin texnikada olan mərmilər də detonasiya edib. Amma məsələ yalnız bununla da bitmir. Məlum olub ki, hərbçilərin yerləşdirildiyi binada hərbi sursat da yerləşdirilib. Amma binanın hədəfə alınmasını asanlaşdıran səbəb kimi Yeni il başlayanda hərbçilərin kütləvi şəkildə mobil telefonlarını açaraq ailələrilə danışması göstərilir. Bunu Rusiya MN-in rəsmisi də təsdiq edib. Başqa bir detal kimi də hərbçilərin cəbhə xəttinə yaxın təhlükəli ərazidə yerləşdirilməsi qeyd olunur. Belə ki, Rusiya ordusunun komandanlığı hərbçilərin yerləşdirildiyi binanın Ukraynanın əlindəki HİMARS sistemlərinin vurmaq imkanı çatan məsafədə olduğunu biliblər. Yəni komandanlıq ən azı bunu bilməli idi, bunun hansısa bəhanəsi ola bilməz.

Bütün bunlar Rusiya ordusunun komandanlığının yol verdiyi səhvlərin (müharibə dövründə bunlar cinayət sayılır) hələ hamısı deyil”.

Ekspert bu qədər itkinin Rusiyada xalq üçün ağır psixoloji zərbə ola biləcəyini vurğulayıb:

“Ukrayna şəhərlərinin intensiv raket atəşinə tutulduğu bir dövrdə Makeyevka dramı təkcə ukraynalıların qisas əməliyyatı və canlı qüvvə itkiləri baxımından Rusiya üçün faciə deyil; eyni zamanda əsl faciə hadisənin indi baş verməsidir. Belə ki, bir qədər əvvəl Rusiyada ordunun şəxsi heyətinin sayının 350 min nəfərədək artırılması elan olunub. Bunu da yalnız yeni səfərbərlik yolu ilə həyata keçirmək olar. Müxtəlif mənbələr həmin səfərbərliyin (2-ci dalğanın) yanvarın ilk günlərində başlayacağını bildiriblər. Baş verən faciə bu mənada Rusiya əhalisi üçün ağır psixoloji zərbə ola bilər. Səfərbərliyin ilk mərhələsində ölkədən yüz minlərlə gəncin qaçdığını nəzərə alsaq, bu dəfə yayınanların sayının dəfələrlə çox olacağını təsəvvür etmək çətin deyil. Hərçənd ki, Rusiyadan daxil olan məlumatlarda sərhədlərin bağlanacağı da bildirilir. Digər tərəfdən çağırış yaşında olanların hətta yaşadıqları şəhərləri və regionları tərk etməsinə də məhdudiyyətlər tətbiq olunacağı haqqında informasiyalar var. Bunun fiziki olaraq necə ediləcəyi məlum olmasa da, səfərbərliklə bağlı başqa bir ehtimal da yetərincə real görünür. O, Rusiyadakı daxili vəziyyəti gərginləşdirəcək. İlk səfərbərlik artıq göstərdi ki, ruslar onsuz da təqdim olunduğu qədər “vətən uğrunda” ölməyə hazır deyil”.

Oruclu iqtisadi vəziyyətin ağırlaşmasının hakimiyyət daxilində çəkişmələri artıracağını da bildirib:

“Ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması isə əhalidə "vətənpərvərliyin" hərarətini bir qədər də aşağı salacaq. Bu da öz növbəsində ictimai-siyasi gərginliyin artmasına təsir edə bilər. Onsuz da sözügedən sahədə vəziyyət ürəkaçan deyil. Hələlik savaş kabinetlər daxilində getsə də, zaman-zaman onun əlamətləri üzə çıxmağa başlayır. Məsələn, Putinin (Kremlin) yaratdığı qoçu (və ya cəza) dəstələrindən birinin başçısı, “Putinin aşpazı” kimi tanınan Yevgeniy Priqojin bu günlərdə birbaşa Baş Qərargah rəisi Valeri Gerasimovu hədəfə aldı.

Hər kəsə bəllidir ki, Putinin şəxsi tapşırığı olmadan bunu heç kəs, hətta “Vaqner” özəl hərbi şirkətinin sahibi də edə bilməz. Bu isə o deməkdir ki, Moskva kabinetlərindən başlayan və asta-asta media məkanına keçən hakimiyyətdaxili savaş növbəti mərhələdə Moskvanın və digər böyük şəhərlərin küçələrinə də yol aça bilər. Amma tərəflərin sivil siyasi mübarizə resurslarından dəfələrlə çox hərbi gücə malik olduğunu və buna güvəndiyini nəzərə aldıqda mübarizənin “Kalaşnikov” avtomatından tutmuş təyyarələrin və tankların da cəlb olunması ilə yekunlaşacağı istisna olunmur. Belə təcrübə də Rusiyanın yaxın tarixində artıq iki dəfə olub. Obrazlı ifadə etdikdə, indi əsas sual da budur ki, Ukrayna ordusunun Makeyevkada atdığı HİMARS-lar növbəti mərhələdə Moskvanın, Sankt-Peterburqun, Samaranın və digər Rusiya şəhərlərinin küçələrində partlayacaqmı?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol