FHN-dən əhaliyə çağırış: Ehtiyatlı olun!

10:52 - 9 Yanvar 2023 - GÜNDƏM

 FHN-dən əhaliyə çağırış: Ehtiyatlı olun!

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti yaxın günlər ərzində davam edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Həmçinin, piyadalar buz bağlamış yollarda hərəkət edərkən:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol