Oksananın vəkili Fazil Mustafaya bir neçə söz...

16:00 - 12 Mart 2023 - GÜNDƏM

 Oksananın vəkili Fazil Mustafaya bir neçə söz...

Rəqqasə Oksananın Naxçıvan Universitetində tələbələrlə görüşünə reaksiya birmənalı olmadı, elə bəndəniz də bunu qeyri-normal saydı.

Hədəf əlbəttə ki, Oksana deyil: hər kəs öz yolunu seçməkdə sərbəstdir və Oksana da kifayət qədər tanınan, öz sahəsində qəbul edilən bir insandır.

Məsələ gənclərin istiqamətləndirilməsindədir, onların dövlətə, millətə daha yararlı olmasında, bu ruhda formalaşmasındadır.

O təhsil ocağının funksiyası gəncləri iqtisadçı, menecer, pedaqoq və xarici dil mütəxəssisi kimi yetişdirməkdir, ictimai tələb də bu ixtisasları seçən gənclərin doğru-dürüst istiqamətləndirilməsi üzərindədir.

Bu xəbər hal-hazırda çox oxunur
Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Fikirlərinə daim sayğı duyduğum, kütlə psixologiyasından uzaq, cəmiyyətə lazım bildiklərini deyən millət vəkili Fazil Mustafanın reaksiyası olmasa, bu mövzuya ikinci dəfə qayıdıb, “daha ətraflı” izaha ehtiyac görməzdim. Oksananı və yaxud Naxçıvan Universitetini müdafiə etməyə çalışan Fazil Mustafa deyir ki: “Universitetdə rəqqasənin mühazirə oxumasını niyə təəccüblə qarşılayırsınız? Heç olmazsa, hərəkətin, dinamikanın sirlərini aşılayır gənclərə. Xoşlamırsınızsa, universitetlərə molla gətirin, elmi nağıllar oxusun. Ahəstə-ahəstə yuxulatsın gənclərimizi”.

Əvvəla, rəqqasə universitetə mühazirə oxumağa gəlməyib, mühazirə tamamilə ayrı şeydir və Fazil Mustafa bunu gözəl bilir; Oksana universitet tələbələri ilə görüşə gəlib.

İkincisi, “Heydər Əliyev İli” çərçivəsində başladılan “Həmsöhbət” layihəsinin ilk qonağı Oksana olub – universitetin rəsmi saytında belə yazılır.

Hər halda, “Heydər Əliyev İli” çərçivəsində “Həmsöhbət” layihəsinə Fazil Mustafanın özünün dəvət olunması daha münasibdir və ictimai etirazın da səbəbi məhz budur.

Üçüncüsü, Fazil Mustafanın “dini xurafat”a qarşı barışmaz mövqeyi təqdirediləndir – baxmayaraq ki, “xurafat” sözünün indiki mənasını qəbul etmirik. “Xurafat” – daha böyük anlamdır və bir vaxtlar islamda inqilab sayılırdı – indi mənasını dəyişib.

Amma “Rəqqasə dəvət edilməməlidir” iradının cavabı “Onda molla gəlsin?” deyil və ümumiyyətlə, burda “molla” sözündən əks-arqument kimi bəhrələnməyin doğru olmadığı qənaətindəyik. Kim dedi ki, rəqqasə yox, molla gəlməlidir və ümumiyyətlə, cəmiyyətdə yalnız iki – rəqqasə və molla – “sosial-siyasi kateqoriya” olduğu iddiasına niyə düşməliyik?

Rəqqasədənsə, alim, ziyalı, siyasətçi, yazıçı, şair, millət vəkili və s. dəvət edilməsinin tələbələrə mənəvi-psixoloji baxımdan daha müsbət təsir edəcəyi iddiası səsləndirilir. Onsuz da cəmiyyətdə müğənnilik, rəqqasəlik və bu kimi sahələrdə daha sürətlə tanınmaq və varlanmaq təsəvvürü var, TV-lər də bu sahədə yaxşıca təbliğat aparır. Amma bir maarifçi veriliş görməzsən, bu ölkənin nəhəng alimlərini kimsə tanıtmır və min dəfə təəssüf ki, ölkəmizdə fikir adamları yox, şou əhli daha çox təbliğ edilir.

Heç olmasa universitetlərdə fikir, söz, düşüncə adamları tələbələrlə görüşsün – Oksanaları tədrisdənkənar da çoxları müxtəlif resurslardan izləmək imkanındadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol