Nəqliyyat vasitələrii utilizasiyaya verilməzdən əvvəl... - Qərar

17:46 - 9 Fevral 2024 - GÜNDƏM

 Nəqliyyat vasitələrii utilizasiyaya verilməzdən əvvəl... - Qərar

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsi “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və yaxud sərəncam vermək hüququ olan digər şəxs aiddiyəti orqanlara müraciət edir. Müraciət qəbul edildikdən sonra 3 iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və yaxud aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir:

1) nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

2) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

3) nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda;

4) nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda;

5) dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə.

Nəqliyyat vasitələrini utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan verdikdə, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin tələblərinə əməl olunmaqla, avtomobillər həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol