Ayxan Abbasovla İlqar Qurbanov yenə Polşadadırlar. Yenə Mahir Emrelini izləyirlər.

AFFA-nın bu “skautinq” səfərlərinin xərci nə qədərdir, görəsən? Və ən əsası, nəyə lazımdır?

Qəribə çıxmasın, amma Mahir Emrelinin millidə rəqibi kimdir ki, baş məşqçi onu ikinci dəfə Polşada canlı izləməyə gedir?

Renat Dadaşov hələ yeni komandasında bir məşqə çıxıb. Nəriman Axundzadə son iki oyunda Türkiyədə meydana çıxmayıb. Musa Qurbanlı da ideal formada deyil. Emreli isə hazırda ən yaxşı vəziyyətdə olan və millinin liderlərindən biridir.

Yəni nəyi kəşf etməyə gedirsiniz, Ayxan bəy?

Tovuza getməyə vaxt tapmayan baş məşqçi artıq ikinci dəfə Polşaya yollanır – Mahir Emrelini izləməyə.

Amma gələn səfərdən bir az da uzağa getmək lazımdır. Polşa artıq köhnəlib. Bir az ekzotik ölkələrə baş çəkmək də pis olmaz...

Məsələn, Malayziya. Orada Eddi İsrafilov var. Keçmiş “Qarabağ”lı Kevin Medina ilə birlikdə “Johor”da top qovur. Ora da baş çəkmək, yeni mədəniyyətlə tanış olmaq lazımdır.

Sonra Maldiv adaları. Vaxtilə orada azərbaycanlı qapıçı Elməddin Məmmədov yerli çempionatda çıxış edirdi. Bəlkə indi də hansısa çimərlikdə milliyə namizəd gizlənib.Bir sözlə, xəritəyə yaxşı baxmaq lazımdır. Azərbaycan millisinin yeni “namizədləri” dünyanın hər yerində ola bilər.

Əsas odur ki, səfər olsun. Bilet olsun. Hotel olsun. Hesabat da sonra bir şəkildə yazılar.