Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər.

BUTA.TV xəbər verir ki, araşdırmanın nəticələri "PLOS Digital Health" jurnalında dərc olunub.

Qulaqcıqların fibrilyasiyası ürəyin qeyri-müntəzəm yığılması ilə xarakterizə olunan ürək ritminin pozulmasıdır. Bu xəstəlik həmişə nəzərəçarpan simptomlarla müşayiət olunmur və epizodik xarakter daşıya bilər. Buna görə də onu adi elektrokardioqrafiya zamanı müəyyən etmək hər zaman mümkün olmur.

Bununla yanaşı, QF beyinə çataraq insulta səbəb ola biləcək qan laxtalarının yaranma ehtimalını artırır. Mütəxəssislər iki böyük tədqiqatdan 89 664 nəfərin məlumatlarını təhlil ediblər: "AlzEye" layihəsindən 50 651 və Britaniya Biobankından 39 013 iştirakçı. İştirakçıların 6 261-nə artıq qulaqcıqların fibrilyasiyası diaqnozu qoyulmuşdu.

Məlum olub ki, QF-dən əziyyət çəkən insanlarda tor qişa orta hesabla daha nazik olub. Üstəlik, oxşar dəyişikliklər skan zamanı hələ xəstəliyi olmayan, lakin sonradan bu problemdən əziyyət çəkən iştirakçılarda da qeydə alınıb. Tor qişanın daha nazik təbəqələri orta hesabla qulaqcıqların fibrilyasiyası ilə bağlı xəstəxanaya müraciətdən dörd il əvvəl aşkarlanıb.

Alimlərin fikrincə, tor qişadakı dəyişikliklər ürəyin daha dərindən yoxlanılmasına ehtiyacı olan şəxslərin müəyyən edilməsi üçün əlavə siqnal rolunu oynaya bilər.

Bununla belə, gözlərin skan edilməsi EKQ-ni əvəz etməməlidir, çünki diaqnozun təsdiqlənməsi üçün məhz kardioloji müayinə tətbiq olunur. Tədqiqat müəlliflərinin fikrincə, bu metod tor qişanın müayinəsinin sürətli olması və orqanizmə heç bir müdaxilə tələb etməməsi baxımından potensial olaraq əlverişlidir. Əgər sonrakı araşdırmalar bu nəticələri təsdiqləyərsə, adi oftalmoloji müayinələr QF və bununla əlaqədar yaranan insult riski yüksək olan şəxsləri daha erkən müəyyənləşdirməyə kömək edəcək.