Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

“BUTA.TV” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda "Mercedes"in pilotu Corc Rassell 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. "Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren" təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.

Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış “Mercedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir. 2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.

 

Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO