Bakı sakini deputat Fəzail İbrahimlidən şikayətçidir.

BUTA.TV xəbər verir ki, Musavat.com-un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gələn hadisə barədə danışıb. Dörd uşaq atası olduğunu və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib.

Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində meyvə-tərəvəz satışı ilə məşğul olduğu məkanda baş verib. Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. X.Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, içərisi ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.

X.Əsədov iddia edir ki, bu zaman həmin şəxs ondan kim olduğunu bilib-bilmədiyini soruşub. O, qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir:

"Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə "xox gəlirsən" mənə? Dövlət vəzifəlisi də olsan, vətəndaşsan, yaxınlaşıb qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm".

Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddia edir ki, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib:

"15 dəqiqə keçmədi, çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım".

Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: Dörd balam çörəksiz qaldı - FOTO/VİDEO

Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın satıcının onu bıçaqla hədələdiyini bildirməsi məsələsi araşdırılıb. Hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib:

"Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə, qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum".

Əsədov həmin mərhələdə polis əməkdaşlarının kamera görüntülərini araşdırmasını müsbət qiymətləndirib: "Azərbaycan polisinə həqiqətən güvənməyinə dəyər. Başqa halda heç kamera görüntüsünü araşdırmaya da bilərdilər. Amma gəlib yerində kameraya baxdılar və gördülər ki, mən cinayət xarakterli hərəkət etməmişəm".


Lakin şikayətçinin sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub:

"Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib balalarımı böyüdürəm".

Dörd övladının olduğunu deyən şikayətçi onların birinin ali təhsil aldığını, digər üç övladının isə orta məktəbdə oxuduğunu qeyd edib:

"Övladlarımın məktəb ləvazimatlarını, geyimini almaqda çətinlik çəkirəm. Mən özüm birtəhər dözərəm. 90-cı illərin aclığını görmüşəm. Amma uşaqlar bu əziyyətə dözə bilmirlər. Mənə görə onların da psixoloji əziyyət çəkdiyini görürəm. 42 yaşım var. Narkoman olmamışam, həbsdə yatmamışam, cinayətkar olmamışam. Dövlətdən də bir qəpik almamışam. Öz əlimin əziyyəti, alın tərimlə balalarımı dolandırmışam. İndi isə bu hadisəyə görə həm işimdən olmuşam, həm də uşaqlarımın qarşısında çətin vəziyyətə düşmüşəm. Bir qarpızın ağ çıxmasına görə deputatla yaranan mübahisədən sonra bu vəziyyətə düşdüyümü düşünürəm. İki aydır bunun əziyyətini çəkirəm".

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, hadisə ilə bağlı şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və detalları açıqlamayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin hazırkı deputatı və parlament sədrinin müavinidir.

“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır? “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?