Bakıda və ölkənin müxtəlif bölgələrində son günlər bıçaqlanma ilə bağlı xəbərlərin ard-arda yayılması ciddi narahatlıq yaradır. Münaqişələrin getdikcə daha tez fiziki qarşıdurmaya çevrilməsi və tərəflərin bıçaqdan istifadə etməsi diqqət çəkir. Bıçağın bir çox halda birbaşa öldürmək məqsədilə istifadəsi isə aqressiyanın hansı həddə çatdığını gündəmə gətirir. Xüsusilə yeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi problemin yalnız hüquqi deyil, həm də sosial və psixoloji tərəflərinin araşdırılmasını zəruri edir.

Mövzu ilə bağlı psixoloq Ruhiyyə Rüstəmova BUTA.TV-a açıqlamasında bildirib ki, bəzi gənclərdə qəzəb çox sürətlə onların davranışına çevrilir.

“Yəni, müəyyən hadisələr qıcıq yaradır və yaranmış qıcıq nəticəsində qarşı tərəfin davranışı təhdid kimi qəbul edilir, qəzəbə çevrilir və nəticədə göstərilən impulsiv reaksiya düşünülmədən bıçaqlama, xəsarət yetirmə kimi hərəkətlərə gətirib çıxara bilir.

İmpulsivlik daha çox bəzi gənclərin “mənə hörmətsizlik etdi” düşüncəsi ilə bağlı olur. Bəzi gənclər qarşı tərəfin neytral davranışını belə təhqir, alçaltma və yaxud meydan oxuma kimi görürlər. “Mənə baxmır, məni saymır, məni alçaltmaq istəyir, özümü göstərməliyəm” kimi psixoloji yanaşmalar və emosional gərginlik soyuq silahdan istifadə etməyə sövq edə bilər.

Nəzərə alaq ki, aqressiv davranış zamanı bəzi gənclər öz hərəkətlərinin nəticəsini həmin anda adekvat qiymətləndirə bilmirlər. Bu, xüsusilə davranış problemləri, zəif sosial idrak bacarıqları və emosional tənzimlənmə çətinlikləri ilə əlaqəli ola bilər. Eyni zamanda, gənclərin keçmişdə yaşadıqları, ailədən aldıqları travmalar və ailədə formalaşan davranış qaydaları da buna təsir göstərə bilər”, - o vurğulayıb.

Psixoloqun sözlərinə görə, bəzən gənc bunu dostlarının arasında zəif görünməmək, hörmət qazanmaq və geri çəkilməmək düşüncəsi ilə edir:

“Zamanla alkoqol, narkotik maddələrin qəbulu və digər amillər də bu davranışları gücləndirir. Əgər gənc özünü yalnız qorxutmaq, üstün gəlmək və fiziki güc göstərməklə təsdiqləyirsə, zorakılıq onun üçün status vasitəsidir.

Bəs bunun qarşısını necə almaq olar?

İlk növbədə, uşaqlıqdan emosional tənzimləmə öyrədilməlidir. Hər bir uşağa “Qəzəbləndim - nə hiss etdim, nə düşünürəm, hansı seçimlərim var” kimi sualları özünə vermək və emosiyalarını idarə etmək öyrədilməlidir.

Konflikti həll etmə bacarıqları aşılanmalıdır. Məktəblərdə yalnız cəza yox, erkən aşkarlama sistemi olmalıdır ki, uşaqlar davranış pozuntusu zamanı təhqir, təhdid deyil, sadəcə psixoloji dəstək vasitəsilə özlərini anlamaq, qavramaq və inkişaf etmək mərhələsini keçə bilsinlər.

Valideyn nəzarəti və valideynin emosional bağlılığı gücləndirilməlidir. Ümumiyyətlə, “niyə bu uşaq belə aqressivdir?” sualını verərkən ən önəmli məqam uşağa psixoloji baxımdan düzgün yanaşmaqdır.

Uşağı zorakılığa aparan yol harada başlayır və həmin yolu hansı mərhələdə dayandıra bilərik? Bunlara diqqət edilməlidir. Çünki zorakılıq çox vaxt bir anda yaranmır. Erkən uşaqlıq təcrübələri, emosional tənzimlənmə, düşüncə tərzi, cəmiyyətin təsiri, bullinq, sosial qınaqlar və sosial təhdidlər nəticəsində bu proses paralel şəkildə inkişaf edir və şüuraltında travmatik izlər buraxa bilir”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto