Tramp hazırlaşır: İrana hücumun detalları
3 noyabrda Konqresə seçkilərdən sonra ABŞ-ın İsraillə birgə İrana qarşı hücuma keçəcəyini ABŞ Prezidenti Donald Trampın özü də gizlətmir. İranı bu hücumlardan yalnız bir amil xilas edə bilər – seçkilərdə uğur qazanacağı iddia edilən Demokratlar Partiyasının ölkə prezidentinin qərarlarına veto qoyması. Amma demokratlar buna gedəcəkmi? Açığı, bu suala birmənalı cavab vermək mümkün deyil. Bəzi iranpərəst politoloqlar bu proqnoza çox bel bağlayırlar. Onların fikrincə, ABŞ-da iki partiyanın amansız rəqabəti səbəbindən demokratlar respublikaçıları tamamilə bitirmək üçün Trampın İran siyasətini iflic etməyə məhkumdur. Eyni zamanda, iddia edilir ki, İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkilərində Netanyahunun “Likud” partiyası böyük məğlubiyyətə uğrayacaq və hakimiyyətə gələn yeni qüvvələr İranla müharibəyə çox meyilli olmayacaqlar.
Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz İsrail və Amerikadakı seçkilərdən sonra İrana hücumların bərpa olunacağı ehtimalı barədə danışarkən deyib.
O bildirib ki, bu proqnozlara çox da inanmır, çünki Yaxın Şərq məsələsi ABŞ-ın partiyalarüstü planı, təhlükəsizlik doktrinasıdır:
“1970-ci illərin sonlarından bu günə qədər yürüdülən bütün siyasət Yaxın Şərqi Rusiyanın təsir dairəsindən ayırmağa xidmət edib və bunun üçün “Yaşıl kəmər” adlı strategiya həyata keçirilib. Həmin strategiyaya görə, islam dünyasını Moskvanın təsir dairəsindən ayırmaq üçün siyasi və radikal islami cərəyanların Yaxın Şərqdə kök salmasına çalışılıb. Məhz bu strategiya çərçivəsində islam dünyası yalnız Rusiyadan uzaqlaşdırılmayıb, yeri gələndə məzhəb müharibələri qızışdırılaraq coğrafiyamız qan gölünə çevirilib. Prezident İlham Əliyevin YAP-ın 8-ci qurultayında söylədiyi məşhur nitqində “ideoloji təxribatlara qarşı hazır olmalıyıq” mesajı da əslində bu planın hələ də qüvvədə olduğunu, hətta Azərbaycana qarşı həyata keçirilməsinin də ehtimal xaricində görülmədiyini təsdiqləyir. Təsadüfi deyil ki, həmin çıxışdan dərhal sonra Azərbaycana qarşı ideoloji hücumlara start verildi.
ABŞ-ın yeni hibrit müharibəsində əsas hədəfi İrandır və bütün hibrid müharibələr kimi, bu həmlələlər də çoxtərəfli xarakter daşıyacaq. Bir tərəfdən İranın iqtisadi və hərbi müəssisələri vurulacaq, digər tərəfdən ona qarşı maliyyə sanksiyaları artırılacaq və onun neft satışları tamamilə durdurulacaq. İran üçün ən ağır zərbə isə Hörmüz boğazının enerji dəhlizi kimi fəaliyyətinin dayandırılması olacaq. Başqa sözlə desək, Hörmüz boğazına alternativ layihələr, o cümlədən Türkiyənin dəstəklədiyi Qalxınma Yoluna start veriləcək.
Eyni zamanda İranın daxilindəki narazı kütlənin etiraz aksiyaları təşkil olunacaq. Beləcə, 1990 və 2003-cü illərdə İraqa qarşı həyata keçirilən hücum strategiyası bu səfər İranda tətbiq ediləcək. Əvvəl iqtisadi və sosial həyat iflic vəziyyətə gətiriləcək, bir neçə ildən sonra isə İran xalqının da iştirakı ilə rejim çökdürüləcək”.
Politoloqun sözlərinə görə, hər iki Körfəz savaşında (1990 və 2003-cü illərdə) Respublikaçılar Partiyası hakimiyyətdə idi:
“Amma onlardan sonra gələn demokratlar da savaşı dayandırmadılar, əksinə, 2009-2017-ci illərdə Barak Obama hakimiyyəti dövründə daha qanlı məhzəb müharibəsi baş verdi. Bu fakt göstərir ki, ABŞ administrasiyalarının Yaxın Şərq siyasəti əsla dəyişmir, partiyalar bir-birinin tamamlayıcısı kimi fəaliyyət göstərirlər”.
Ekspertin fikrincə, Konqres seçkilərindən sonra daha da böyüyən hibrid hücumlar zamanı Azərbaycan da İrandan qaynaqlanan hücumlara məruz qala bilər:
“O səbəbdən də biz İrandan qaynaqlanan ideoloji həmlələləri gözardı etmədən hər cür təxribatlara hazır olmalıyıq. ABŞ-ın İrana və onun proksi qüvvələrinə qarşı mübarizəsi, əsasən, İraq, Yəmən, Livan coğrafiyasında gedəcək. Vaşinqton bu mübarizəyə Türkiyə, Pakistan, Misir və sair müsəlman ölkələrini də cəlb etməklə əslində eynilə İraqda olduğu kimi, savaşın vizyonunu dəyişib islamdaxili savaşa, daha dəqiq ifadə ilə desək, məzhəb müharibəsinə çevirməyə çalışır. Əslində Məkkə İttifaqı da bu məqsədlə qurulub və ABŞ böyük ölçüdə öz hazırlıq mərhələsini tamamlayıb. Təbii ki, strateji müttəfiqlərimizin daxil olacağı savaşa İran da laqeyd qalmayacaq və bu ölkələrin “yumşaq qarınlarına” zərbələr endirməyə çalışacaq. Odur ki, bizim hərbi və təhlükəsizlik sistemimiz bütün mümkün ssenariləri gözdən keçirməli və ehtiyatı əldən verməməlidir”.
Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu