Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
BUTA.TV xəbər verir ki, Ə.Vəliyev 1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpout kəndində anadan olub.
1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra elmi və pedaqoji fəaliyyətlə məşğul olub.
1966-cı ildən Bakı Soyuducular Zavodunda fəhlə, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərib.
1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə Odlar Yurdu Universitetinin əsasını qoyaraq onun təsisçisi olub. 1997-ci ildən isə həmin ali təhsil müəssisəsinin rektorudur.
Əhməd Vəliyev fizika-riyaziyyat elmləri doktoru, professordur.
Onun ictimai-siyasi fəaliyyəti də olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Əhməd Vəliyev 2005–2010-cu illərdə III, 2010–2015-ci illərdə isə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Parlamentdə Elm və təhsil komitəsinin fəaliyyətində iştirak edib, müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarında təmsil olunub.
Əhməd Vəliyev 3 övlad atasıdır.
O, hazırda Odlar Yurdu Universitetinin rektoru vəzifəsində fəaliyyətini davam etdirir.
Bakı-Sumqayıt yolu üçün yeni plan...